Bakıda vəzifəli şəxslərin evini soyan FHNin baş leytenantı olub


Digərləri 12 Yan 2018 17:49:00 257 0

Bakıda vəzifəli şəxslərin evini soyan FHNin baş leytenantı olub

Fövqəladə Hallar Nazirliyinin baş leytenantı cinayətkar dəstə yaradaraq silsilə oğurluqlar törətməkdə ittiham edilir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bununla bağlı istintaq Bakı Şəhər Prokurorluğu tərəfindən tamamlanıb və bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatında məhkəmə işi başlayıb.

Oğurluq maddəsi ilə başladılan cinayət işində Nicat Əliyev, Orxan Quliyev, Təhməz Əsgərov, Rişan Bayramov, Camal Heydərov və Cavid İsazadə təqsirləndirilən şəxs qismində cəlb edilib. Eyni zamanda, oğurluq olduğunu bildiyi halda həmin məhsulları, yəni 9 kondisioneri alaraq özündə saxlayan Ağarəhim Əliyev də cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakdan istifadə etməkdə ittiham edilib. C.İsazadə və A.Əliyev barəsində başqa yerə getməmək, digər 5 şəxs barəsində həbs qərarı verilib.

1992-ci ildə Lerik rayonunda anadan olan N.Əliyev bu cinayətləri törədərkən Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətində Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə inspektor vəzifəsində işləyib və baş leytenant rütbəsi daşıyıb. 

Dəstənin silsilə cinayətlərinin üstü isə Səbail rayonu, Badamdar qəsəbə sakini Əbdüləzim Mustafayevin şikayətindən sonra açılıb. Onun obyektindən 9000 manat olan 9 ədəd "Bosch" markalı kondisionerlər və digər müxtəlif məişət cihazları oğurlanıb. Dəstə üzvləri cinayətlərin əksəriyyətini eyni qəsəbədə həyata keçiriblər. Zərərçəkmişlərin də bəziləri vəzifə sahibi olub.

Belə ki, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanan Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz baş gömrük idarəsinin Fəaliyyətin qiymətləndirilməsi bölməsinin rəisi vəzifəsində işləyir.  Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlayan Mərahim Ələkbərov isə "Azəravtoyol" ASC-də Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləyir. Evindən 2500 manat dəyərində məişət avadanlıqları oğurlanan Mübaris Qəhrəmanov da "Tirmə" firmasında direktor vəzifəsində işləyir. Heydər Əliyev adına liseydə ingilis dili müəlliməsi işləyiən Ayna Sadıqovanın evindən 21343 manatlıq qızıl və brilyant qaşlar oğurlanıb. "AG" bank ASC-də kommunikasiya böyük mühəndisi Azad Əliyevə məxsus evdən 12 min manatlıq qızıl-zinyət əşyaları da onların "yem"inə çevrilib.