“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək
Digərləri 12 Yan 2018 17:23:00 248 0
“Nar” 2017-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki planlaşdırılmış genişmiqyaslı işləri uğurla həyata keçirərək yüksək nəticələr əldə edib.
Bakı.
“Nar” 2017-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki planlaşdırılmış genişmiqyaslı işləri uğurla həyata keçirərək yüksək nəticələr əldə edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, il ərzində mobil operatorun baza stansiyalarının ümumi sayı 6500-ü ötüb, işğaldan azad edilmiş ərazilərdə şəbəkənin təmin edilməsi istiqamətində işlər görülüb, şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərə çarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib.
2017-ci ildə 400-dən çox 4G (LTE) baza stansiyası quraşdıran “Nar”, LTE stansiyalarının sayını 1000-ə çatdırıb, Gəncə şəhəri və ətraf bölgələrdə 4G baza stansiyaları quraşdıraraq bölgələrdə LTE şəbəkəsinin təmin edilməsi prosesinə uğurla start verib. Planlaşdırıldığı kimi LTE-A (LTE Advanced) şəbəkəsinin Bakı və Abşeron yarımadasını əhatə etməsi təmin edilib. 300-dən çox 3G baza stansiyasının quraşdırılması ilə 3G stansiyalarının ümumi sayı 2500-ü keçib. 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərindən 3G IP (Internet Protocol) xətlərinə keçid baş tutub. Nəticədə 3G şəbəkəsinin 99,7%-nin IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərməsi təmin edilib və baza stansiyalarının IP transmissiya zolağı boyunca son məntəqələr arasındakı əsas daşıyıcı transmissiya xətlərinin tutumunun şəbəkə üzrə artımı 2016-cı il ilə müqayisədə ümumilikdə 70%-ə çatdırılıb.
Mənbə: az.trend.az