Ombudsman 20 Yanvar faciəsinin 28ci ildönümü ilə əlaqədar bəyanat verdi


Digərləri 12 Yan 2018 17:08:00 321 0

Ombudsman 20 Yanvar faciəsinin 28ci ildönümü ilə əlaqədar bəyanat verdi

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib.

Son.az xəbər verir ki, Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdir. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdür. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuş, ölçüyəgəlməz dağıntılar törədilmişdir. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə Respublika televiziyasının enerji bloku partladılmışdır.

O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnmişdir. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən "20 Yanvar Şəhidi" fəxri adı verilmiş, habelə "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Hər il olduğu kimi, bu il də həmin qanlı hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla "20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilmiş və icra olunur.