İsveçrə səfiri: "Azərbaycan Prezidentinin Davos Forumunda iştirak edəcəyinə ümid edirik"


Siyasət 12 Yan 2018 16:57:12 336 0

İsveçrə səfiri: "Azərbaycan Prezidentinin Davos Forumunda iştirak edəcəyinə ümid edirik"

Yay aylarında İsveçrənin bir sıra rəsmilərinin Azərbaycana səfərləri planlaşdırılır

"Azərbaycanda 20-dən çox İsveçrə şirkəti var və onlar aktiv fəaliyyət göstərirlər".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder deyib.

"Keçən il diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdik. Onlar yüksək səviyyədədir. Həmçinin beynəlxalq maliyyə qurumları çərçivəsində sıx münasibətlərimiz formalaşıb", - səfir bildirib.

O əlavə edib ki, səfirlik Azərbaycanla İsveçrə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün çalışır.

F.Ştalder ölkələr arasında ticarət dövriyyəsinin təxminən 200 milyon dollar olduğunu qeyd edib. Diplomatın sözlərinə görə, 2017-ci ildə bu göstərici nisbətən azalıb, lakin o, ticarət dövriyyəsinin gələcəkdə artacağına ümidvar olduğunu bildirib.

İsveçrə səfiri bu il yanvarın 23-26-da keçiriləcək illik Davos Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin də iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb.

"Davos Forumunun işində dövlət başçılarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bağlı böyük ümidlərimiz var. Keçmiş illərdə dövlət başçıları Davosda görüşüblər, hesab edirəm ki, bu il onlar yenə görüşəcəklər", - F.Ştalder bildirib.

Səfir deyib ki, yaya İsveçrənin bir sıra rəsmilərinin Azərbaycana səfərləri planlaşdırılır.