Müsəlman şərqinin ilk operası olan "Leyli və Məcnun"un səhnəyə qoyulmasından 110 il ötür


Digərləri 12 Yan 2018 11:01:01 165 0

Müsəlman şərqinin ilk operası olan "Leyli və Məcnun"un səhnəyə qoyulmasından 110 il ötür

Dahi bəstəkar, SSRİ xalq artisti Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də Tağıyev Teatrında tamaşaya qoyulub

Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasından 110 il ötür.

"Report" xəbər verir ki, müsəlman şərqində ilk opera sayılan "Leyli və Məcnun" 1907-ci ildə yazılıb, 1908-ci il yanvarın 12-də Tağıyev Teatrında tamaşaya qoyulub.

Opera M.Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. O, poemanın əsas ideya məzmununu, şerlərini olduğu kimi saxlayıb, eyni zamanda orta əsr Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq verib. Beləliklə Ü.Hacıbəyov keçmişin obrazları vasitəsilə yaşadığı dövrün gərgin inkişafı ilə seçilən demokratik proseslərini açıb göstərib.

Muğam operası

"Leyli və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranan yeni opera janrının - "Muğam operası"nın ilk nümunəsidir. Muğamlar operanın əsas musiqi materialı olaraq ənənəvi opera formalarını- ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz edib. Qəhrəmanların obrazlarının açılmasında, bütövlükdə musiqi dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. Operanın bir çox bitkin səhnələri muğam üstündə qurulub. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin müşayiətilə oxuyurlar.

"Leyli və Məcnun"un musiqisi Üzeyir bəy Hacıbəyovun yeni bəstəkarlıq üslubu yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator meyilləri üçün başlanğıс, əsas mənbə olub.

Tamaşanın kişi Leylisi

"Leyli və Məcnun"un ilk tamaşasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.

İyirminci əsrin əvvəllərində müsəlman qadınlarının səhnəyə çıxmasına yol verilmədiyinə görə, teatrda qadın rollarını kişilər ifa edirdi. Beləlikdə tamaşanın ilk Leylisi məlahətli səsə malik olan Əbdürrəhman Fərəcov adlı gəncə tapşırılır. Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olur. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlir. Həm səsinin məlahətini, həm də  incəliyini nəzərə alıb onu inandırır ki, Leyli obrazını yarada bilər. Lakin Ə.Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edir.

Məcnun rolunun ilk ifaçısı isə görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski olub.

Rejissorlardan S.Dadaşov (1935, 1958), M. Məmmədov (1955, 1976), F. Səfərov (1994) operanın yeni quruluşunu veriblər.