ADU-da "Azərbaycan dilinin saflığının qorunması" mövzusunda dəyirmi masa keçirilib (FOTO)


Digərləri 12 Yan 2018 10:56:00 232 0

ADU-da "Azərbaycan dilinin saflığının qorunması" mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib.

Bakı. Yanvarın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib. ADU-nun İctimaiyyətlə əlaqə Departamentindən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev hər hansı xalqın böyüklüyünün onun say tərkibindən yox, beynəlxalq nüfuzu, fəaliyyəti, təbliğ etdiyi dəyərlərdən asılı olduğunu bildirib. O, əlavə edib ki, bu baxımdan Azərbaycan xalqı böyük xalqdır. “Dil millət varlığının yeganə amilidir” - deyən A.Babayev dəyirmi masanın dilin saflığının qorunmasına həsr edildiyini qeyd edərək tədbirin siyasi, mənəvi-ictimai və tədris məsələlərinə xidmət etdiyini bildirib. A.Babayevin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ana dilimizin qorunmasına xüsusi önəm verib. Ulu öndərin dilimizin zamanın tələblərinə uyğunlaşması və təkmilləşdirilməsinə xidmət edən fərman və sərəncamlarından söz açan professor bu ənənənin ölkə prezidenti İlham Əliyevin siyasətində də öz əksini tapdığını sözlərinə əlavə edib. AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva mövzunun aktuallığını ön plana çəkərək məsələnin respublika rəhbərliyi səviyyəsində həll olunduğunu qeyd edib. Dili xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitə kimi xarakterizə edən S.Əliyeva qloballaşma dövründə dilə yad elementlərin daxil olduğunu söyləyib və bu inteqrasiya prosesində ana dilimizin daxili saflığı, müstəqilliyi və milliliyinin qorunmasının zəruriliyini vurğulayıb. Daha sonra S.Əliyeva dilin qorunmasında önəmli olan faktorlardan, dilin zənginləşməsi prosesindən, KİV-də ədəbi dilin normalarının pozulması və s.-dən söz açıb.