Özbəkistanda Qara Qarayev adına "Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq (FOTO)


Digərləri 12 Yan 2018 09:41:00 234 0

Özbəkistanda Qara Qarayev adına "Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq (FOTO)

Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına "Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq.

Bakı. Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına "Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq. Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib. BVildirilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun rektoru İbrahim Yuldaşev arasında görüş keçirilib. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Mədəniyyət və Sənət İnstitutu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Memorandumun imzalanması, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb. İ.Yuldaşev son zamanlar Özbəkistanda ölkə rəhbərliyi tərəfindən böyük islahatların, layihələrin həyata keçirildiyini qeyd edərək, ali məktəblərin də qarşısına mühüm vəzifələrin qoyulduğunu qeyd edib. O, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqinə dair ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq təhsildə Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün maraqlı və faydalı olduğunu bildirdi. Daha sonra rektor İ.Yuldaşev rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verərək, İnstitutda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr barədə məlumat verdi. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin, hər bir sahədə olduğu kimi mədəniyyət sahəsinin böyük intibah dövrünü yaşadığını qeyd etdi, həyata keçirilən işlər barədə məlumat verdi. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışaraq, son zamanlar Azərbaycan-Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin müəssisələri arasında əməkdaşlığa dair Memorandumların imzalandığını vurğuladı. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin Özbəkistanda çap olunduğunu qeyd etdi. O, 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik, şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayaraq, Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nin yaradılmasını təklif etdi. O, sözügedən Mərkəzə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını qeyd etdi.