İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb ARAŞDIRMA


Digərləri 12 Yan 2018 08:59:00 283 0

İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb  ARAŞDIRMA

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir.  Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır.

Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.

Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı bildirilir. Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.

Son.az bildirir ki, Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev də apa-ya açıqlamasında son dövrdə infarkt və beyin qan dövranının pozulmasından ölüm hallarının artdığını təsdiqləyib. F.Quliyevin sözlərinə görə, Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir: "Əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Bu xəstəliklərin sayında artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.

Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük.  Əhali arasında iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir.  Virus artdığı üçün bu xəstəliklər də artır".

Ürək-damar xəstəliklərinin əlamətlərini sadalayan baş kardioloq bildirib ki, indi infarkt əsasən ağrısız  formada qeydə alınır: "Əvvəl infarkt döş qəfəsində bərk ağrılarla müşahidə olunurdu. İndi isə bu kəskin simptomlar azalıb. Daha çox təngnəfəslik və ağrısız forması qeydə alınır.

Bu da II tip şəkərli diabet xəstəliyi ilə bağlıdır. Yüksək arterial təzyiqi, şəkəri, ürək ritmi ilə bağlı problemi olan xəstələr həmişə həkim müayinəsindən keçməlidirlər.  Ağrının olmasını gözləməməlidirlər".

F. Quliyev xəstəliyin risk ehtimalını azaltmaq üçün məsləhətlərini də bölüşüb: "İnsanlar qidalanmalarına diqqət yetirməlidirlər. İndi meyvə-tərəvəz qəbulu da azalıb. Bu da vəsaitin çatışmazlığı bağlıdır. Şəkər xəstələri üçün xüsusi qidalar var ki, qiyməti üç dəfə bahadır. Əhali bunu necə alsın? Məcburən pəhrizi pozurlar.

Stressi azaltmaq məsləhətdir. İnsanlar deyir ki, az işləyim, çox qazanım. Bu da onları stressə salır və depressiya yaranır. Psixiatra müraciət etsinlər, məsləhət alsınlar. Bizə ürək-damar problemi ilə bağlı müraciət edənlərin ¾-də nevroloji dəyişikliklər müşahidə olunur. Depressiya, nevrozla müraciət edirlər. Əhali düşünür ki, nevrozdur, keçib gedəcək. Ancaq statistikaya nəzər yetirsək, nevrozlu xəstələrdə ürək-damar xəstəlikləri riski 4,6 dəfə çoxdur. İnsanlar səhhətlərinə laqeyd yanaşmasınlar".