"Mən nə qədər qoca olsam da..."


Kriminal 12 Yan 2018 06:30:00 872 0

"Mən nə qədər qoca olsam da..."

Ahıl aktyorlarımız yeni çəkilən filmlərdə və seriallarda rol almaq istəyirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Qaraca qız" filmindən Piri baba kimi yaddaşımızda qalan Cabbar Əliyev, "Babamın babasının babası"ndakı Əziz kişi rolunu oynayan Hüseynağa Sadıqov, "Nəsimi"də Şeyxi, "Bir qalanın sirri"ndə Həkim Eldostunu yaddaşlara yazan Məmmədrza Şeyxzamanov, "Yeddi oğul istərəm"də İsmayıl Osmanlının tamaşaçılarda nifrət doğuran Kələntəri, "Uşaqlığın son gecəsi"ndə "Nənə"ni sevdirən  Töhrəxanım Zeynalova,  "Mən rəqs edəcəyəm"də Abdullanı tanıdan Ağasadıq Gəraybəyli, "Bəyin oğurlanması"nda Əhmədi oynayan Rəsmi Cəbrayilov və başqa aktyorlarımız təkcə sadalanan filmlərimizdə deyil, ümumən Azərbaycan kino və teatr tarixində silinməz izlər qoyublar. Onların çəkildiyi filmlərin öz çəkisi, öz sanbalı olub. İndi də həmin filmlər sevilə-sevilə baxılır və o ekran əsərlərindəki fikirlərin aforizmə çevrilənləri də var. Ekranımızın müdrik, nifrət doğuran, sevilən yaşlı aktyorları olub. Rejissorlar sevə-sevə onlara filmlərində yer ayırıblar. Tamaşaçılar kinonu ahıl aktyorlarsız təsəvvür etməyib.    Əgər Rusiya və Türkiyə kinematoqrafiyasının hazırkı təcrübəsinə istinad etsək, yaşlı aktyorlarsız kino çəkilmir. Hətta qocalıb səhnədə və ya kino çəkilişlərində dünyasını dəyişənlər də var. Əgər Rusiya kinosundan danışırıqsa, bu yaxınlarda dünyasını dəyişən Leonid Bronovoyu, Aleksey Batalovu və ya "Hər gün çəkilişlərə tələsirəm" deyən Valentin Qaftı misal göstərmək olar. Beş gün əvvəl 93 yaşında dünyasını dəyişən sevilən türk aktyoru Münir Özkulü də xatırlamaq yerinə düşər.

Bəs bizim kinematoqrafiyada vəziyyət necədir? Son illərdə çəkilən bədii filmlər və seriallarda ahıl aktyorlara yer ayrılırmı? Keçmiş filmlərdə olduğu kimi sənətdə sözünü demiş aktyorların potensialından lazımınca istifadə olunurmu? Ya bəlkə ahıl aktyorlar özləri çəkilmək istəmirlər?

Məsələyə münasibətdə aktyor, rejissor və kino sahəsinin adamlarının fikirləri fərqlidir. Yaşlı aktyorların yenə də kinomuzun əsas qəhrəmanları kimi təqdim olunduğunu söyləyənlər də, onlara laqeyd münasibət göstərildiyini, hətta unudulduqlarını söyləyənlər də var.   İmkanlar olmalıdır   Əməkdar incəsənət xadimi Aydın Kazımzadə filmlərimizdə yaşlı aktyorlara yer ayrılmaması fikri ilə razılaşmır: "Sadəcə, filmlərdə yaşlı aktyorlar tərəfindən verilən öyüd-nəsihəti tamaşaçı qavramaq istəmir. Bizim filmlərdə ağsaqqallar var, sadəcə, onların söylədikləri fikirlər tamaşaçıya müraciət kimi səslənir. Sanki onlar kiməsə ağıl öyrədirlər. Bu da obrazı təbiilikdən çıxarır". A.Kazımzadənin sözlərinə görə, "Ata ocağı" və "Vicdan haqqı" kimi teleseriallarda ahıl obrazlar və maraqlı fikirlər var: "Yaşlı aktyorlar olmasa, film yaranmaz. Bu baxımdan, yaşlı aktyorların filmlərə çəkilməməsi ilə razılaşmıram. Bizim ağsaqqalsız filmlərimiz yoxdur. Mən əlbəttə "Bozbash pictures"i nəzərdə tutmuram".

Rejissor Ramiz Həsənoğlunun fikrincə, vaxtilə cavan olan aktrisalar artıq yaşlaşıb, qocalırlar. Belə aktyorlar çoxdur. Sadəcə, rejissorlara imkan lazımdır ki, onları filmlərə çəkmək üçün meydan olsun: "Bədii filmlər, seriallar çəkilməlidir ki, yaşlı aktyorların potensialından istifadə olunsun. Düzdür, qismən o iş görülür, ancaq daha keyfiyyətli şəkildə görülə bilər. Fikrimcə, bu aktyorlar və aktrisalar var, sadəcə, onların potensialından istifadə etmək üçün imkanlar olmalıdır. Onların teatrda öz potensiallarını ödəyirlər ya, ödəmirlər, bu, başqa məsələ, ancaq kino üçün imkanlar lazımdır ki, o, potensial üzə çıxsın".


Xəbərə aid fotolar