Rusiya Suriyadakı bazalarına hücumu Türkiyədən görür?


Digərləri 11 Yan 2018 22:35:00 291 0

Rusiya Suriyadakı bazalarına hücumu Türkiyədən görür?

"Business Insider" saytının yazdığına görə, Rusiya hərbiyyəsi çərşənbə günü bildirib ki, bu yaxınlarda onun Suriyadakı Hmeymim hərbi hava və Tartusdakı hərbi dəniz bazalarına 13 dronla hücumu Türkiyənin dəstəklədiyi qiyamçılar həyata keçiriblər.

Rusiyanın RT telekanalı bildirib ki, "Rusiyanın Suriyadakı bazalarına son dron hücumları İdlib yaxınlığında Türkiyə tərəfindən dəstəklənən qiyamçı qüvvələrin nəzarətində olan ərazidən edilib".

Bu da xəbər verilir ki, Moskva bu hadisə ilə bağlı şikayətlərini Türkiyəyə bildirib. Bəzi məlumatlara görə, hərbi bazalara dron hücumu yanvarın 5-dən 6-na keçən gecə həyata keçirilib.

Rusiya hərbiyyəsi bildirir ki, hücumlar Suriyanın İdlib regionundakı Müəzzəra məntəqəsindən qaynaqlanıb.

Son həftə ərzində Rusiya və Suriya İdlib əyalətinin bombardmanını intensivləşdiriblər. Bu bombardmanlar nəticəsində çox sayda mülki şəxsin həlak olduğu bildirilir. Rusiya prezidenti Vladimir Putinin ötən ilin sonunda Suriyada qələbə elan etməsinə baxmayaraq İŞİD İdlib vilayətinin müəyyən hissələrini yenidən ələ keçirib.

Məqalədə deyilir ki, Rusiyanın Türkiyəni ittiham etməsi maraqlı görünür, çünki son bir il ərzində Moskva və Ankara qarşılıqlı münasibətlərini xeyli yaxşılaşdırmışdılar.

"Biz bəzən paytaxtlarda oturan hökumətlərin dəstəklədikləri qiyamçı qruplaşmalar üzərindəki nəzarətinin dərəcəsini şişirdirik, - "Business Insider" saytına CNA araşdırma mərkəzinin eksperti Dmitri Qorenburq deyib, - ABŞ-la münasibətlərinin çox pis olması nəzərə alınarsa, belə bir şəraitdə çətin ki, Türkiyə Rusiyaya arxa çevirsin".

Buna baxmayaraq, özünün Suriyadakı hərbi bazalarına dron hücumuna görə əvvəlcə ABŞ-ı ittiham edən Rusiya indi tənqid hədəfini Türkiyənin üzərinə keçirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Hmeymim və Tartus bazalarına dron hücumunun əlaqələndirilməsinə ABŞ-ın dəstək verdiyini deyirdi.