Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalı sadələşdirilib


Digərləri 11 Yan 2018 20:52:00 317 0

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalı sadələşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından istifadə vətəndaşlar üçün daha da rahatlaşıb: portalın dizayn və funksionallığı təkmilləşdirilib

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından istifadə vətəndaşlar üçün daha da rahatlaşıb: portalın dizayn və funksionallığı təkmilləşdirilib Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət idarəetməsinin modernizasiyası, operativliyin artırılması, idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması, xidmətlərə olan əlçatanlığın artırılması istiqamətində mühüm tapşırıqlar verilir. Bu tapşırıqlardan irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi də əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması yönündə mütəmadi yeniliklər tətbiq edir. Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini genişləndirir. Daşınmaz əmlak idarəçiliyi ilə bağlı komitənin elektron xidmətlər portalının (e-emdk.gov.az) dizaynı və funksionallığı daha da təkmilləşdirilib. Portaldan istifadənin operativliyi artırılıb, rahatlığı təmin edilib, xidmətlərdən istifadə üsulları daha da sadələşdirilib. Məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, müasir yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir. Eyni zamanda əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərin daha müasir və effektiv üsullarla elektron müstəviyə keçidinin tam təmin olunması da əsas vəzifələrdəndir. Vətəndaş məmnunluğunu ön planda saxlayan Komitə əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayına görə seçilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 37 elektron, o cümlədən 3 onlayn və 3 SMS xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi elektron xidmətlər daşınmaz əmlak idarəçiliyinin müxtəlif seqmentlərini əhatə edir. Belə ki, elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir. Daşınmaz əmlaka dair çıxarışların, Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi, elektron çıxarışın əldə olunması, xidmət haqqının ödənilməsi kimi interaktiv xidmət hesab olunan elektron xidmətlər vətəndaşlar tərəfindən daha çox istifadə edilir. Bundan başqa hərracların canlı izlənməsini təmin edən onlayn hərrac, kiçik müəssisələrin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmətlər ziyarətçilərin marağına səbəb olub. İnformativ xidmətlərdən olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, əldə etmək istənilən ərazidə evlərin təqribi bazar qiymətini müəyyən edən elektron xidmətlər də əhəmiyyətinə görə fərqlənir. Qeyd edilməlidir ki, e-emdk.gov.az portalında əhalinin rahatlığını təmin edən 13 əsas bölmə istifadədir. Vətəndaşlar qanunvericilik bölməsinə daxil olmaqla bu sahədə mövcud olan qanunlarla, ölkə başçısı tərəfindən imzalanan fərman, sərəncamlarla, müvafiq icra hakimiyyəti orqanının qərarları ilə tanış ola bilərlər. Bu isə onların hansı hüquqlara sahib olduğunu bilməkdə köməklik göstərir. Hər hansı bir xidmətin yerinə yetirilməsi üçün əvvəlcədən lazım olan sənədlərin müəyyən edilməsi, xidmətin məzmunun nədən ibarət olduğu kimi amilləri öyrənmək də mümkündür. Belə ki, istifadəçilər inzibati reqlamentlər bölməsinə keçid etməklə elektron xidmətlərin göstərilməsi üçün inzibati prosedurlar, onların hüquqi əsası, məzmunu ilə tanış ola bilərlər. Nəticədə onlar xidmətin növü, icra müddəti, lazımi üzrə ödəniş, xidməti göstərən qurumun adı haqqında ətraflı məlumat əldə edirlər.