Azərbaycanda 19 dini qurum ləğv edilib


Digərləri 11 Yan 2018 17:38:00 210 0

Azərbaycanda 19 dini qurum ləğv edilib

Ötən il 22 dini icmanın ləğv edilməsi ilə bağlı müraciət edilib, 19 dini qurumun ləğv edilməsi barədə məlumat Dini qurumların dövlət reyestrinə daxil edilib.

Bakı. Ötən il 22 dini icmanın ləğv edilməsi ilə bağlı müraciət edilib, 19 dini qurumun ləğv edilməsi barədə məlumat Dini qurumların dövlət reyestrinə daxil edilib, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-ə verilən məlumata görə, bu barədə komitənin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirəsində deyilib. Müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri iştirak ediblər. Müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O qeyd edib ki, dövlət başçımız nitqində ötən il Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım adlandırıb və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli” nin İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirilən çoxsaylı tədbirlərdə Azərbaycanın İslam dünyasında gedən proseslərdə öz mövqeyini nümayiş etdirdiyini, İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa müsbət təsir göstərdiyini qeyd edib. Hesabat dövründə dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olduğunu bildirən Dövlət Komitəsinin sədri ötən il Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK –nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasına da diqqət çəkib. Fondun yaradılması haqqında müvafiq Fərmanın imzalamasının, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadının göstəricisi olduğunu deyib.