UABK sədri: "Azərbaycanlılara qarşı cinayətlər Ukrayna DİN-in səmərəsiz işi ilə bağlıdır"


Siyasət 11 Yan 2018 17:18:23 340 0

UABK sədri: "Azərbaycanlılara qarşı cinayətlər Ukrayna DİN-in səmərəsiz işi ilə bağlıdır"

"Mənə Ukraynanın müxtəlif yerlərindən azərbaycanlılara qarşı cinayətlər haqqında məlumatlar gəlir"

"Dünən Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında keçirilən mitinq hüquq-mühafizə orqanlarının səmərəsiz işinə cavab olaraq təşkilatın fəaliyyətinin davamıdır".

Bunu "Report"un Ukrayna bürosuna Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) sədri Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, azərbaycanlılara qarşı adam oğurluğu, qəsb, qətl hadisələrə törədilib və bu işlər üzrə aparılmış istintaq heç bir nəticə verməyib: "Hələ üç il əvvəl baş vermiş cinayətlərin istintaqının bir nəticəsi yoxdur. İndi isə diaspor nümayəndələrindən mənə Ukraynanın müxtəlif yerlərində azərbaycanlılara qarşı cinayətlər törədilməsi haqqında məlumatlar gəlir".

O, təşkilatın daha əvvəl mitinqlər keçirdiyini, DİN rəhbərliyi ilə görüşə nail olduğunu, amma bunların da nəticə vermədiyini qeyd edib: "Buna görə də bir ildən sonra yenidən mitinqlərə və etirazlara qayıtdıq. Bu, hüquq-mühafizə orqanları əməkdaşlarını öz vəzifələrini yerinə yetirməyə məcbur etmək üçün fəaliyyətimizin yalnız başlanğıcıdır. Amma qeyd etmək istəyirəm ki, məsələni qətiyyən siyasiləşdirmirik və hansısa siyasi qüvvənin problemimizdən öz məqsədləri naminə istifadə etməsini istəmirik. Azərbaycanlılara qarşı cinayətlərin dövlətin siyasəti səbəbindən baş verdiyini demirik, bu, DİN-in səmərəsiz fəaliyyətliylə bağlıdır".

Konqres rəhbəri vurğulayıb ki, mitinqdən az əvvəl Kiyevdə oğurlanan iş adamı Hikmət Abdullayevin qardaşı və oğlunun DİN rəhbərliyi ilə görüşünü təşkil ediblər, dekabr ayında isə Ukrayna prezidenti, baş prokuror və DİN başçısının adına məktub yazıblar, amma hələ bir nəticə yoxdur.

"Amerika üsulunda yeni polis yaxşıdır, lakin onlar öz işlərini görməlidir", - R.Tağıyev fikrini yekunlaşdırıb.