Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini “Baku Business Factory”nin nümayəndələri ilə görüşüb


İqtisadiyyat 11 Yan 2018 16:24:00 290 0

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini “Baku Business Factory”nin nümayəndələri ilə görüşüb

Görüşdə BBF-lə Gürcüstanın müvafiq təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub

“Baku Business Factory”nin (BBF) nümayəndələri bu gün Tbilisidə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili ilə görüşüblər.

“Report”un xəbərinə görə, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov görüşdə qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı startap layihələrin əməkdaşlığı üçün əlverişli şərait yaradır. A. Əskərov BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları ilə bağlı məlumat verib.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili ölkəsində startap layihələrinə göstərilən dəstəklə bağlı məlumat verib. O qeyd edib ki, hazırda Nazirliyin əsas hədəfi Gürcüstanın regionlarındakı layihələrə dəstək verməklə onların inkişafını təmin etməkdir.

Görüşdə BBF-lə Gürcüstanın müvafiq təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq yolları müzakirə olunub.

Qeyd edək ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.