Keçmiş MTN generallarının məhkəməsi davam etdirilib


Digərləri 11 Yan 2018 15:38:00 259 0

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilib

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları- general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Ağaisə Mahmudov epizodu üzrə təqsirləndirilən Natiq Alıyev və Füzuli Əliyev ifadə veriblər.

Prosesdə təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov cinayət işində əlavə şahidlərin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb.

Dövlət ittihamçısı vəsatətin müzakirəsi üçün məhkəmədən vaxt istəyib. Vəsatət növbəti iclasda müzakirə ediləcək.

Proses davam edir.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri - S.Qurbanov, T.Quliyev, N.Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri F.Əliyev, Z.Məmmədov, N.Alıyev, F.Atayev, A.Şirəliyev, E.Əliyev, E.Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.