Heydər Əliyev Beynəlxalq Aeroportundan yeni rekord


Digərləri 11 Yan 2018 15:21:00 248 0

Heydər Əliyev Beynəlxalq Aeroportundan yeni rekord

Heydər Əliyev Beynəlxalq Aeroportu - Azərbaycanın paytaxtının əsas hava qapıları - növbəti rekorda imza atıb. 2017-ci ildə 4,06 milyon sərnişinə xidmət göstərilmişdir. Bu ötən ilki göstərici ilə müqayisədə 23 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, 2017-ci ildə ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetirmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu 8 yeni aviadaşıyıcını - "Air Arabia", "Wataniya Airways", "ISR Air", "Jazeera Airways", "IrAero", "Mahan Air", "İkar" aviaşirkətini ("Pegasfly" brendi) və Azərbaycanın ilk loukosteri "Buta Airways"i qarşılamışdır.

Hesabat dövründə "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 2,2 milyon sərnişin, "Buta Airways" loukosterinin payına isə 92 min sərnişin düşmüşdür. Eyni zamanda, 114 min tranzit, 50 min sərnişin isə çarter reysləri üzrə qeydə alınmışdır.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46 faizi AZAL-ın və "Buta Airways"in, 54 faizi isə xarici aviadaşıyıcıların payına düşmüşdür.

Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxil olmuşdur. 2,52 milyon sərnişin bu istiqamətlərə uçmuşdur.