""Müsavat"la 199293cü illərdə dövləti dağıdanlar arasında bağ qurmaq nəinki mümkün deyil, hətta absurddur"


Digərləri 11 Yan 2018 15:16:00 401 0

""Müsavat"la 199293cü illərdə dövləti dağıdanlar arasında bağ qurmaq nəinki mümkün deyil, hətta absurddur"

Son.az Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun Trend-ə müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etdi. Sizin də bu məsələyə münasibət bildirməyinizi istərdik.

- Dünya təcrübəsindən məlumdur ki, özünü millət kimi təsdiqləmək əzmində olan ayrı-ayrı etnoslar müstəqil dövlət quraraq mövcudluğunu qoruyub saxlamış, beləliklə də tarix səhnəsində duruş gətirə bilmişlər. Hər bir xalqın milli özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının gerçək həyata vəsiqə alması isə əsrlərlə davam edən tarixi mücadilənin nəticəsi olmuşdur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına sanballı töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən neçə əsrlərlə milli özünəməxsusluqlarını şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çox çətin sınaqlardan, mürəkkəb yollardan keçməli olmuşlar.

Əsrlər boyu ölkə ərazisində müstəqil dövlətin qurulmasına yönəlmiş cəhdlərin - Atabəylər, Qaraqoyunlu və Ağqoyunlular, Səfəvilər və xanlıqların müasir dövlət modelində reallaşması isə məhz XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanın vətənpərvər, milli təfəkkürlü ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş düşüncəsinin formalaşdırılması sahəsində sistemli fəaliyyət göstərmişlər. Həmin dövrdə Azərbaycan bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif, incəsənət və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etmişdir. Ən başlıcası, respublikada güclü və müasir burjua təbəqəsinin və çoxpartiyalı siyasi sistemin formalaşması ölkənin ictimai həyatında fəallığı gücləndirmiş, milli maraq və ideallar uğrunda mübarizəyə yeni nəfəs vermişdir. Beləliklə, ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində zorən bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması Azərbaycana da istiqlaliyyətini elan etmək imkanı yaratmışdır.

Rusiyada 1917-ci il oktyabr çevrilişi və 1918-ci ildə Zaqafqaziya Seymi dağıldıqdan sonra, mayın 27-də Seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi, M.Ə.Rəsulzadə isə sözügedən Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq qazanılmış müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi. 1918-ci il mayın 28-də elan olunan "İstiqlal Bəyannaməsi"nin 4-cü və 5-ci bəndlərində deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən ərazisində (hüququ daxilində) yaşayan bütün vətəndaşların hüquqi siyasiyyə və vətəniyyə təmin eləyir. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəstanə inkişaflar üçün geniş meydan buraxır".

Bakı şəhərini 1918-ci il iyulun sonlarında süqut etmiş Bakı kommunasından sonra ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası"ndan təmizləmək həmin dövrdə Azərbaycan hökuməti qarşısında həyati vacib vəzifələrindən biri idi. Bir neçə ay davam edən qızğın döyüşlər nəticəsində Osmanlı və azərbaycanlı hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu türk generalı Nuru Paşanın rəhbərliyi altında 1918-ci il sentyabrın 15-də Bakını düşmən ünsürlərdən təmizləməyə nail oldu. Sentyabrın 17-də isə F.X.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən köçdü və Bakı şəhəri paytaxt elan olundu.

Azərbaycan hökuməti həmin dövrdə ölkənin milli maraqlarının qorunması baxımdan mühüm addımlar atmışdı. Tezliklə yeni qurulmuş dövlətin bütün atributları - üçrəngli bayrağı, gerbi, himni, pul vahidi yaradıldı. Qısa müddətdə formalaşdırılan Azərbaycan ordusu 1919-cu uldə ölkənin cənubunda denikinçilərin qüvvələrini, 1920-ci ilin mart-aprel aylarında isə Qarabağdakı erməni ordusunu darmadağın edərək millətin və gənc dövlətimizin həyat qabiliyyətliliyini öz canı və qanı bahasına təsdiq etdi. Dövrün əsas çağırışının məhz elm, keyfiyyətli insan potensialı olduğunu aydın dərk edən cümhuriyyət qurucuları 1919-cu uldə ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin əsasını qoydular və 100 nəfər gənci xarici dövlətlərin nüfuzlu universitetlərinə təhsil almağa göndərdilər.

Daxili siyasətdəki uğurlar xarici siyasətdə də mühüm nəticələr doğurmuşdu. Belə ki, Parlamentin sədri Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin Paris sülh konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanımışdılar. Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqa baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.

Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq, bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi - "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".

Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli "Mən"ini sovet imperiyası dövründə də yaşada bildi. Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş Sovetlər Birliyi dövründə də məhdudlaşdırıla bilmədi.

- Azərbaycan xalqının yenidən müstəqillik qazanması da xalqımızın bu möhkəm iradəsinin nəticəsi idi...

- Ulu öndər Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi respublikamızı həqiqi müstəqilliyə aparan nurlu yolun başlanğıcı kimi xatırlanır. Tarixin kamil şəxsiyyət, ümummilli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi. Sovet İttifaqının nüfuzlu ali məktəblərinə yüzlərlə azərbaycanlı gəncin göndərilməsi, Xalq Cümhuriyyətinin xarici ölkələrə tələbə ezamı ənənəsinin sovet rejiminin ağır şərtlərində bərpası kimi başa düşülməlidir. Habelə, Azərbaycan silahlı qüvvələrinin Mehmandarov, Şıxlinski tərərfindən əsası qoyulan şanlı ənənələtinin davamı olaraq Cəmşid Naxçıvanski adına hərbi liseyinin yaradılması da o dövrün buxovlarını sındıran cəsarətli addımlar idi.

Ümumilikdə, Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olmuşdur. Ulu Öndərə hələ Naxçıvan Ali Məclisinin sədri olarkən, 1990-cı ildə burada Xalq Cümhuriyyəinin üçrəngli bayrağını ucaldaraq 70 ildən sonra ilk dəfə Muxtar Respublikanın rəsmi atributu elan etmiş, dövlətçiliyimizin bu ən mühüm atributunu yenidən dirçəltmişdir. Təsadüfü deyil ki, məhz onun 2003-cü ildə imzaladığı sərəncam əsasında sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Bakıda Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmışdır. Bir daha və dönə-dönə mühüm bir tarixi fakt vurğulanmalıdır ki, əgər Ulu Öndərin ikinci dəfəf hakimiyyətə möhtəşəm qayıdışı olmasaydı, naşı və səriştəsiz iqtidarlar sayəsində Azərbaycan Respublikasının da taleyi Xalq Cümhuriyyətinin 1920-ci ildəki aqibətini təkrar edəcəkdi.

- Siyavuş müəllim, hazırda bəzi müxalifət partiyaları özünü AXC-nin varisi hesab edir. Sizcə bu doğrudur?

- Hazırda bəzi siyasi dairələrin öz yaratdıqları quruma "Müsavat" partiyası adı verməsi qətiyyən tarixi varislik ənənəsi yaratmır və kökündən yanlış mülahizələrə əsaslanır. Əvvəla qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərində yaradılmış "Müsavat" xalqımızın çoxəsrlik azadlıq ideyasından güc alaraq milli vətənpərvər ziyalıların və bütün ictimai təbəqələrin ümumi arzu və istəklərini ifadə edən milli bir hərəkat idi. İndiki "Müsavat" isə tarixi sistemyaradıcı partiyadan tam fərqli və cılız sosial bazaya malik, korporativ maraqlara söykənən avantürist şəxslərin özfəaliyyət dərnəyi səviyyəsindən uzağa gedə bilmir və aydın məsələdir ki, tarixi müsavat mirası ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Habelə, bir çox tarixçının və araşdırmaçının qənaətinə görə ideolojik olaraq da tarixi müsavatçılıq daha çox sol-mərkəzçi siyasi xətt yürütsə də indiki saxta müsavatçılar sağ-mərkəzçi və hətta radikal sağ mövqedən çıxış edirlər. Həqiqətən də 1918-ci ildə dövlət quran "Müsavat"la, 1992-93-cü illərdə hakimiyyətdə olub dövləti dağıdan, onu tam iflas həddinə çatdıranlar arasında nə hüquqi, nə siyasi, nə də mənəvi bağ qurmaq nəinki mümkün deyil, hətta büsbütün absurddur.

- Ötən ili ölkəmiz üçün necə dəyərləndirirsiniz?