“Elvinlə 10 ay evli qaldıq, çox təəssüf ki, uşağımız tələf oldu”


Digərləri 11 Yan 2018 14:42:00 276 0

“Elvinlə 10 ay evli qaldıq, çox təəssüf ki, uşağımız tələf oldu”

Son.az modern.az-a istinadən "Aprel döyüşləri"ndə şəhid olmuş zabit Elvin Namazovun həyat yoldaşı Nuranə Namazova ilə reportajı təqdim edir:

Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Qısa arayış: Elvin Məmməd oğlu Namazov 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Məmmədov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin, 2016-cı ildə baş leytenant rütbəsi alıb. Həmin ilin aprelində cəbhədəki şiddətli döyüşlər zamanı şəhid olub. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.

Şəhidin həyat yoldaşı Nuranə Namazova deyir ki, Elvinlə münasibətləri böyük sevgi üzərində qurulub.

"Qismətimizdə yarımçıq sevgi yaşamaq var imiş"

"Elvinlə 2011-ci ildə tanış olduq. Tanışlığımız 3 ilə qədər davam etdi. O zamanlar Elvin kursant idi. Bakıda ali hərbi təhsil alırdı.  Mən isə ali məktəbə hazırlaşırdım. Kursa gedib-gələndə Elvin məni görmüşdü. Elə o vaxtdan yavaş-yavaş münasibətlərimiz yaranmağa başladı. Sonra ailələrimiz bu sevgidən xəbər tutdu. İlk vaxtlarda ailələrimiz tam razı deyildi. Elvin qazaxlı, mən isə ağdamlı idim. Amma biz Bakıda yaşayırdıq. Ailələr bir-birini tanıyandan sonra bu evliliyə razılıq verdilər. 2014-cü ildə nişanımız oldu və bir müddətdən sonra ailə həyatı qurduq. Bizim tanışlığımız Allahın bir qisməti idi. Biz doğulmazdan qabaq qismətimiz belə yazılıbmış: Vaxt gələcək biz tanış olacağıq, ailə quracağıq və bu sevgi, bu münasibət yarımçıq qalacaq.  Nişan mərasimində Elvin iştirak edə bilməmişdi. Həmin gün kursda idi. Onu nişanına buraxmamışdılar".

"Bilsəydim, onu hərb işindən uzaqlaşdırardım"

Nuranə Namazova heç vaxt hərb işinin çətinliyi barədə düşünmədiyini deyir.

"Ümumiyyətlə, hərb sahəsi çox məsuliyyətli işdir. Biz müharibə şəraitində yaşadığımıza görə bu daha çətindir. Atəşkəs tez-tez pozulur. Hər an itirmək qorxusu ilə yaşayırıq. İstənilən hərbçi ailəsi həyəcan içində yaşayır. Daim fikirləşirlər ki, bu gün təlimə, ya da döyüşə göndərdiklərimiz sağ-salamat geri qayıtmaya bilər. Biz nişanlı olanda Elvin Xüsusi Təyinatlı Qüvvələrə daxil olmağa hazırlaşırdı. Bu, onun ən böyük arzusu idi. Hətta, mənə deyirdi ki, "çoxlu dua elə, mən bu kursu keçim. Allah sənin dualarını tez eşidər". Çox əziyyət çəksə də, arzusuna çatdı. Hər dəfə təlimlərə gedəndə narahat olurdum. Bir neçə dəfə təlimdən qayıdan zaman ona suallar vermişdim. Elvin isə "mənə işimlə bağlı suallar vermə. Hərbçi heç vaxt işi barədə danışmaz" deyirdi. Düzdür, həmişə mən narahat olmayım deyə, çox da danışmırdı. Heç bilməzdim ki, Elvin işini bu qədər çox sevir. Bilsəydim, onu hərb peşəsindən uzaqlaşdırardım.

2015-ci ildə bir aylıq təlimə getmişdi. Getməzdən qabaq dedi ki, "qardaşım gəlib səni rayona aparsın". Mən də razı oldum. Elvini təlimə yola salanda səhər vaxtı idi. Qapıdan çıxanda geri döndü və gəlib məni qucaqladı. Hətta pəncərədən baxanda mənə əl də salladı. Bir həftəlik təlim çox ağır keçmişdi. Onun döyüş yoldaşları arasında şəhid olanlar da vardı.  Rayonda olanda yuxu gördüm. Həmişə deyirdi ki, "mən sənə zəng vurmayana qədər zəng etmə. Özüm əlaqə saxlayacam".  Səhəri mənə zəng eləyib əhvalımı soruşdu. Ardınca "bu aralar yuxunu qarışdırmamısan?!" -deyə soruşdu. Mən də yuxuda onu çox yaxşı gördüyümü söylədim. Elvin isə cavabında yuxuların əksinə olduğunu bildirdi. Heç demə, o, ağır döyüş tapşırığını yerinə yetirib qayıdırmış".

Sonuncu gediş... Sonuncu görüş

Şəhidin xanımı sonuncu görüşlərini ürək ağrısı ilə xatırlayır.

"2016-cı ilin Novruz bayramını Qazaxda keçirmək istəyirdik. Elvinin işlərinə görə alınmadı. Martın 21-də bayramı Bakıda keçirtdik. Martın 27-də Elvinin anası bizə gəldi. Evdə çox yaxşı vəziyyət alınmışdı. Amma Elvin ayın 28-i təlimə gedəcəyini dedi və əşyalarını toplamağımı xahiş etdi. Sonra təlimin alınmadığını söyləyib geri qayıtdı.  Martın 30-da təlimə getdi və bu, sonuncu gediş oldu. Mənə döyüş barədə heç nə demədi. Martın 30-u və 31-i telefon əlaqəsi saxladıq. Aprelin 1-i günü isə axşam saat 11-də mənimlə sonuncu telefon əlaqəsi yaratdı. Biz hərbi şəhərcikdə qalırdıq. Əlaqə saxladığım hərbçi xanımları vardı. Hər biri həyat yoldaşlarının əlaqə saxladıqlarını söyləyirdi. Aprelin 2-dən başlayaraq Elvinin zəng etməməsinə görə narahat olmağa başladım. Heç kəs döyüş barədə danışmırdı. Hamı deyirdi ki, onlar təlimə gedib. Həmin vaxtlarda evdə tək idim. Elvinin mənə zəng etməməsi qəribə gəlirdi. Axı, o, həmişə məni axtaran olub.

Aprelin 1-də axşam mətbəxdə qabları yuyurdum.Telefonum da yataq otağında idi. Dərhal otağa qaçdım. Zəng edən Elvin idi.  Səsimdən həyəcanlı olduğumu hiss etdi. "Qorxma. Ayın 3-ü mütləq gələcəm. Əgər alınmasa, uzağı aprelin 5-nə qədər gələcəm. Sən ağlama. Sən ağlasan, mən nigaran qalacam" söylədi. Sonuncu zəngimizdə Elvin çox ümidli idi. "Mən olmasam.." sözünü dilinə gətirmədi. Ancaq qayıdacağını deyirdi".


Xəbərə aid fotolar