Azərbaycanlı məşhuru Ağasəlim Çıldaq öldürtdürüb?


Şou-biznes 11 Yan 2018 14:33:00 384 0

Azərbaycanlı məşhuru Ağasəlim Çıldaq öldürtdürüb?

Onunla bir məktəbdə oxumuş, eyni müəllimlərdən dərs almışıq. O, musiqi ilə məşğul olurdu, mən şeir yazırdım. Düzdür, rəfiqə deyildik, amma aramızda qəribə bir mehribançılıq vardı. Məktəbi bitirən ili onun qoşulub qaçdığını eşitdik. Düzü, çox sarsıldım. Axı uşaq idi, həm də könül verdiyi kişi özündən 23 yaş böyükdü. Qəribədir ki, mən o hadisəni uzun müddət unutmadım. Və hər dəfə məktəb uşaqları ilə rastlaşanda o qaragözlü, kanonu özündən böyük olan həmin qızcığazı soraqladım, amma gördüm deyən olmadı.

O, mənim üçün müsahib deyil. O, mənim illər öncə itirdiyim, həmin o qaragözlü, kanonu özündən böyük olan məktəb yoldaşımdır. O, çox gənc ikən özündən 23 yaş böyük olan bir kişi ilə ailə quran bir qızcığazdır. O, Azərbaycan meyxanasına yeni nəfəs, yeni səs, əsl mədəniyyət gətirən bədiyyə ustadı Nizami Rəmzinin ömür-gün yoldaşıdır.

Son.az indiyə qədər susan - Nizami Rəmzinin ilham pərisi olan Sevda Baxşıyevanın yenicag.az-a müsahibəsini təqdim edirik:

Tikanlıqda şərqi deyənlər... - Mən Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm. Onda tələbələri təyinatla rayonlara göndərirdilər. III kursda oxuyanda artıq təyinatla bağlı narahatlığım vardı. Bir gün qrup yoldaşım dedi ki, "Meyxana" adlı bir ansambl var, gəl sənin adını ora yazdırım, daha dağa-daşa düşmə. Əvvəl bir xeyli tərəddüd etdim, dedim, mən hara, meyxana hara? Çünki o vaxtlar meyxana ifaçıları elə də ciddi qəbul olunmurdu, meyxana deyənlərə camaat bir qədər başqa cür baxırdı. Başında "kepka", tində dayanıb, çırtma çalıb, şeir deyənlər bizim üçün "tərbiyəsiz" adamlar idi. Nəsə, axırda razılıq verdim, amma şərt kəsdim ki, mən məşqə-filan gedən deyiləm. Günlərin birində mənə dedilər ki, Respublika Sarayında konsert var, bəs ona hazırlaşmaq üçün məşqlərə gəlmək lazımdır. Çox qəribə idi ki, mən musiqiçi olsam da səhnəni sevmirdim. Xoşlamırdım, hardasa oturum, camaat mənə baxsın, yəni diqqət mərkəzində olmaq mənlik deyildi. Amma bu dəfə konset idi, məşqə getmək mütləqdi. Əlacım kəsildi, getdim. Təsəvvür elə, ansaml oturub, mən də kanonu kökləyib, gözləyirəm ki, indi meyxana deyən kimdisə o adam gələcək. Baxıram ki, kənarda kostyumlu, qalstuklu bir yaraşıqlı kişi əyləşib. O vaxtlar bir film vardı: "Tikanlıqda şərqi deyənlər". Həmin filmdə bir keşiş vardı, o obraz üçün ölürdüm. Gördüm ki, bu kişi elə bil eynən həmin keşişdir. Özlüyümdə fikirləşirəm ki, yəqin bu adam sarayın direktorudu. Deyirəm, buna bax ey, sarayın direktoru da gəlib, burdadı, bizim meyxana deyən gecikir. Bir xeyli sonra rejissor "başlayırıq" dedi. Və...bir də gördüm ki, həmin o qalstuklu kişi ayağa qalxdı, mikrofonu götürüb, gözəl avazla "Can necə tərk eyləsin, ey can səni", deyə, oxumağa başladı. Şokda idim. İlk dəfə idi ki, musiqi ilə meyxananın sintezini eşidirdim. Həmin an mənim üçün tinlərdən duyduğum, hətta adını belə ehtiyatla çəkdiyim meyxana dönüb bir sənət nümunəsi oldu və mən bu janra vuruldum. Həmin o qalstuklu kişi isə Azərbaycan meyxanasına yeni bir nəfəs gətirən, "dəmyə meyxananı" musiqi ilə sintez edən Nizami Rəmzi idi. O, meyxanaya savad, mədəniyyət gətirdi. İnsanlarda meyxanaya həvəs, maraq yaratdı.

- Meyxanaya vuruldun, yoxsa Nizami Rəmziyə? - Elə hər ikisinə.

- Demək, Nizami ilk sevgin olub. - İlk və son sevgim. Onda mənim 17 , Nizamininsə 40 yaşı vardı.

- 23 yaş az fərq deyildi... - Mən onunla ailə quranda 19 yaşım vardı. Sən inan, mən böyüdüm, yaşa doldum, amma Nizami qocalmadı. Onun ruhu gənc idi. İnsan nə qədər həyat enerjili olardı. Tamam başqa aləm idi. Əgər bu dünyaya 70 dəfə də gəlsəm, hər dəfə onu seçərdim. O insanı seçməyimə heç vaxt zərrə qədər peşman olmadım. Nizami dağlı balası idi. O qədər qeyrətli, sözübütöv, dəqiq adam idi ki... Heç vaxt kiminsə arxasınca danışdığını eşitmədim. Hətta kimsə küçə qadını barədə danışanda da Nizami onun ağzından vurardı. Deyirdi, o da insandı, xüsusən də qadındı. Çox punktual idi. Əgər "saat 6-da gələcəyəmsə", deyirdisə, demək, saat 6-da dediyi yerdə idi. İki dəqiqə işləyirdisə, demək, Nizami ölmüşdü.

İnsanlara qarşı münasibətdə də elə idi. Bir də görürdün ki, kimsə gəlirdi, deyirdi filan vaxt toyumdur. Cibində pulu olmurdu, çıxarıb beh əvəzinə üzüyünü qoymaq istəyirdi. Nizami onun əlini geri qaytarırdı. Deyirdi, narahat olma, dediyin gün toyda olacam, beh lazım deyil. Ondan sonra lap kimsə gəlib, Nizamiyə 1 milyon da versəydi, sözündən dönməzdi, dediyi məclisə gedərdi.

Çox əliaçıq insan idi. Bizim qonşuluqda onların qohumu yaşayırdı. Qadının əri ölmüşdü. Nizaminin vəfatından sonra o qadın bayramda xonça tutub, bizə gəldi. Dedi, Nizaminin mənim boynumda o qədər haqqı var ki, ömrüm boyu o haqqı qaytara bilmərəm. Dedi, o hər gün gələndə evinə nə bazarlıq edirdisə, bizə də onu alardı. Əvvəlcə bizim qapını döyüb, verərdi, sonra evinə keçərdi. İnan, Zakirə, mən bunu bilməmişəm.

- Sənə sevgisini necə etiraf etdi? - Bilirsən, mən necə uşaqlıqdan nağıl həvəskarı idimsə, bütün həyatımı da nağıla çevirdim. Biz onda Xızıya qastrola getmişdik. Elə orda Nizami məndən bir kəlmə soruşdu: "mənimlə qalarsan?" Düşünmədən "hə" dedim. Getdik Siyəzənə, onun xalasıgilə...

- Qoşulub qaçdın? - Hə. Mən dedim axı tünlük, diqqət mərkəzində olmaq mənlik deyil. Həmişə fikirləşirdim ki, insan necə gəlinlik kürsüsündə oturar, hamı da ona baxar? Mən özümü heç vaxt o yerdə təsəvvür etmirdim. Ona görə də qoşulub qaçdım.

- Sevgi gözünü o qədər örtdü ki, arxada qoyduqlarını düşünmədin belə... - Hə... Heç kim gözümdə deyildi. Nə anam, nə dayılarım, nə qohum-əqrəba... Məni hamı bağışladı, bircə babamdan başqa. Hətta demişdi ki, öləndə belə meyidimin üstünə buraxmayın. 3 yaşım olanda atam rəhmətə getdi. Babam mənə atalıq etdi. Rəhmətlik məni canı qədər sevirdi. Ona görə də qoşulub qaçmağım ona yaman yer etmişdi.

-Siz ailə quranda Nizami subay idi? - Hə. Rəsmi olaraq, subay idi. Amma həyatında bir qadın vardı. O qadın Nizamidən 4 övlad doğmuşdu. Nizami ilk dəfə evlənəndə 20 yaşı olub. O evliliyi 2 il sürüb. Həmin nikahdan 2 qızı olub. Sonra başqa bir qadınla evlənib.

- Sən onun ağlının, yoxsa qəlbinin sevgisi idin? - Nizami deyirdi ki, sən mənə bu dünyanı sevdirdin. Onun hər kəlməsi mənim üçün qanun idi. Hətta sənətimi də ona görə atdım. Kanonum uzun illər bir kənarda qaldı. Hətta bir dəfə dedim ki, bəlkə bunu satım? Dedi, lap kökündən vurmayaq da, axı sən onu sevmisən. Mən də arada ancaq tozunu alırdım. Nizamidən sonra heç o kanonu görmək istəmədim. Ona görə də satdım.

- Heç maraqlanmadın ki, özündən 23 yaş gənc bir qızla ailə qurmağa necə cürət edib? Axı onun da doğmaları, övladları, qohum-əqrəbası vardı. - Bax, görürsən, o ölüb gedib, amma mən bu sualı heç ona vermədim. İndi deyirsən, məni də maraq bürüyür. Axı o da risk etmişdi. Hərdən düşünürəm ki, insan gənc olanda beyni doğrudan da qanlı olur, heç kimi düşünmür. Bax, bu gün mən o addımı ata bilməzdim. Hətta düşünəndə ki, birdən Seyla da mənim kimi hərəkət edər, qoşulub qaçar, az qalıram havalanım. Öz hərəkətimi indi analiz edəndə fikirləşirəm ki, mən yaxşı övlad olmamışam.

- Bəlkə sən ana, baba xeyir-duası almadın deyə, neçə illər övlad üzünə həsrət qaldın? - Bəlkə də... Düz 4 il gəzmədiyim həkim qalmadı. Sonda yəqin Allahın mənə rəhmi gəldi.


Xəbərə aid fotolar