Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub


Digərləri 11 Yan 2018 13:26:00 405 0

Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub

Ötən il Azərbaycanda tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub.

Mədəniyyət və Turizm Nazirliyindən Son.az-a verilən məlumata görə, yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Belə ki, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 126 turist gəlib. Onların 39 561-i xarici ölkə vətəndaşıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər.

Qeyd edək ki, 2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Burada aparılan konservasiya işlərindən sonra turistlərin sayı ildən-ilə artmaqdadır. Ötən il "Atəşgah"ı ziyarət edən turistlərin sayı 30 751 nəfər olub. Onların 25 346-sı xarici vətəndaşlardır. "Atəşgah"ı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu Rusiya və ərəb ölkələrindən gələn turistlər təşkil edib.

Hər zaman olduğu kimi, ötən il də "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ziyarətçi marağı böyük olub. İl ərzində qoruğa gələn 63 574 nəfərdən 54 717-ni xarici turistlər təşkil edib. Bu məkana da daha çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən turistlər gəlib.