Qarabağda həlak olan idmançılar, dövlətin onlara verdiyi qiymət


İdman 11 Yan 2018 12:00:00 284 0

Qarabağda həlak olan idmançılar, dövlətin onlara verdiyi qiymət

Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın bir hissəsinin düşmən işğalına məruz qalması gənclərimizin də yaralı yeridir. Hər bir Azərbaycan gənci vətən torpağı uğrunda canından keçməyə hazırdır. Gənc yaşlarında vətən üçün canını fəda etmiş gənclərimizin sayı kifayət qədər çoxdur. Vətənin dar günündə vətən harayına yollanan, övladlarımız, cavan ömürlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün qiymətli örnəkdir. Mübariz İbrahimov, Fərid Əhmədov, Cavanşir Rəhimov, Çingiz Qurbanov, Sahil Məmmədov, Bəxtiyar Hüseynov  və digər gənc şəhidlərimizin keçdiyi həyat yolu bugünkü gənclərə vətən sevgisinin aşılanması üçün bir məktəbdir. Prezident İlham Əliyev xalqımızın iradəsin ifadə edərək dəfələrlə deyib ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan gəncləri bu fikirləri rəhbər tutaraq döyüşkən  əhval-ruhiyyəyə köklənib. Bu gün gənclərimiz üçün vətənpərvərlik əsas silah kimi qarşıya qoyulub. Hazırda gənclərin fəal iştirak etdiyi tədbirlərdə, habelə sosial şəbəkələrdə, forumlarda onların vətənpərvər şüarlarını görürük. Vətənpərvərlik, qəhrəmanlıq o zaman ictimaiyyətdə öz töhfəsini verir ki, vətənin müdafiəsi uğrunda mübarizə aparan gənclərimiz bunu dərk edə bilir. Hazırda gənclərimizin hər birinin vətən uğrunda bir an belə düşünmədən canını verməyə hazır olduğuna əmin olmaq bunu deməyə əsas verir. Göründüyü kimi gənclərimiz ölkənin ictimai-siyasi həyatına verdiyi töhfələrlə yanaşı vətənin rifahı üçün lazım gəldikdə canlarını da fəda edib. Deməli, Azərbaycan gənci vətənini sonsuz məhəbbətlə sevir və vətənin azadlığı və bütövlüyü, millətin birliyi və səadəti uğrunda hər şeyə hazırdır.

Azərbaycanın dövlət himnində vətənə xitabən deyilən “Səndən ötrü can verməyə cümlə qadiriz...” misrası gənclərimizin yaşadıqları ömrün əsil mahiyyətini əks etdirir. Bu onların vətən sevgisindən qaynaqlanır və bu sevgi yeri gələndə  onları vətən naminə canlarını qurban verməyə, şəhidlik zirvəsinə yüksəlməyə cəsarətləndirir-Mübariz İbrahimov və onun sələfləri .., ardıcılları kimi...

Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub. O uşaqlıqdan idmana maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu. Sənan 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr kəndlərimizi erməni quldurlarından qoruyur. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyyətində olduqlarını  bildirir. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – “Xaçınstroy”da yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətini davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlığını, cəsarətliliyini nəzərə alaraq onu kəşfiyyatçı rotasına qəbul edirlər.

1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv edir, ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyyat qurtarana qədər döyüş ərasindən çıxmır. Döyüşdən sonra onu Tərtərə, oradan da Ağdam şəhər xəstəxanasına göndərirlər. 1992-ci il fevralın 26-da ermənilər Xocalı faciəsini törədəndən sonra yarası tam sağalmadan hərbi hissəyə qayıdır və xidmətini davam etdirir.

Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşub. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdi. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi Hava qüvvələrinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutka tullanan pilatlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədən irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edir, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb. Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə döyüşdə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdır. Lakin yolda daha iki pilotun əsir götürüldüyünü  görüb onları xilas etmək üçün döyüşə atılır, lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir. Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə yüzlərlə vətən övladı  şəhid olub. Hamısının xatirəsi xalqımız üçün əzizdir. Mübariz İbrahimov vətənə xidmət edirdi, vətən naminə döyüşürdü, Vətən üçün də canından keçdi. O da digər həmyaşıdları kimi təhsil alıb, hərbi xidmətdə olub. O da hamı kimi ermənilərin Xocalıda faciə törətdiyini bilib.

Müharibədə döyüşlərdə şəhidlik də var. Azərbaycan əsgəri bilir ki, döyüşdə şəhid də ola bilər. Ancaq döyüşür, Vətənə görə döyüşür, torpaqlarımız üçün döyüşür, ölümdən qorxmadan döyüşür. Mübariz İbrahimov şəhidliyi özü seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onun şəhidliyi gəncliyə nümunədir.

Gənclərimizin fədakarlığında qandan gələn milli-irsi qan yaddaşının rolu nə qədərdirsə, dövlətimizin apardığı milli-vətənpərvərlik tərbiyəsinin və gənclərə qayğı siyasətinin rolu da o qədərdir. Bu gün Azərbaycan gənci özünü qürurla “Mən Azərbaycanlıyam” deyə xarakterizə edir. Çünki, onun arxasında güclü Azərbaycan dövləti durur. Dövlət öz şəhidlərinin xatirəsini əbədiləşdirir, onların ailəsi hər cür qayğı ilə əhatə olunur.

Düşmənin təxribatına cavab olaraq 10 erməni hərbçisi ilə təkbətək döyüşə girib onları məhv edən və vətən uğrunda özünü şəhid verən Çingiz Qurbanov da Mübarizin yolu ilə gedən gənclərimizdən biridir. Şəhidlik zirvəsinə yüksələn igid əsgərə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Şəhidin ailəsini dövlət iqamətgahında qəbul edən Prezident İlham Əliyev qeyd edib ki, Çingiz böyük qəhrəmanlıq, igidlik göstərib: “Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir”.

Mənfur düşmən Çingizin nəşini qaytarmaq istəmirdi. Lakin vətən öz fədakar övladını unutmadı. Azərbaycan dövləti çox böyük səylər hesabına Çingizin nəşinin Vətənə qaytarılmasına nail oldu. Bakıda təntənəli vida mərasimi keçirildi. Sonra Çingiz doğulduğu Qusar rayonuna aparıldı və orada təntənəli mərasimlə torpağa tapşırıldı.

Milli Qəhrəmanın ailəsinə gözəl övlad böyütdüklərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, “Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaq”.

Azərbaycan xalqının belə nümunəvi oğulları çoxdur. Ötən ilin oktyabrında ön cəbhədə,  qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu doğulduğu Bərdə rayonunun Soğanverdilər kəndində böyük izdihamın iştirakı ilə son mənzilə yola salınıb. Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, Bərdə rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Sahil Məmmədov on ay idi ki, Silahlı Qüvvələrdə müddətli həqiqi xidmət qulluqçusu idi. Şəxsi heyət arasında nümunəvi əsgər kimi ad çıxarmışdı. Uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan 2016-cı ilin aprel döyüşlərinin iştrakçısı idi. Hələ sağlığında öz qisasını almış, Lələtəpə uğrunda gedən döyüşlərdə döyüşçü dostları ilə birlikdə şəxsi rəşadət nümunəsi göstərmişdi. Onun əziz xatirəsi silah yoldaşlarının da yaddaşlarından silinməyəcəkdir.

Cəbhə bölgəsindən dəfn mərasiminə gələn polkovnik Elçin Kərimov, aprel döyüşlərində göstərdikləri şəxsi rəşadətə görə Azərbaycan Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuş polkovnik-leytenant Seymur Həbibullayev, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu Vüqar Rəhimov və başqaları şəhidin qanının yerdə qalmayacağına and içiblər. 

Şəhidin cənazəsi üzərinə sərilmiş Dövlət bayrağı əbədi xatirə saxlanılması üçün ailəsinə təqdim edilib. 

Şəhid gizir Bəxtiyar Hüseynov cəbhənin Tərtər-Goranboy istiqamətində gedən döyüşlərdə həlak olub. Əsl vətənpərvər, dövlətini və millətini sevən Bəxtiyar Hüseynovun igid Azərbaycan oğlu olduğunu döyüş meydanında sübut edib. Gizir Bəxtiyar Hüseynovun layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təntənəli şəkldə şəhidin ailəsinə təqdim edilib.

Azərbaycan Ordusunun cəbhədə ermənilərlə döyüşdə şəhid olan giziri Mirsalam Cəfərov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. 20 yaşlı əsgər Orxan Əliyev, 26 yaşlı baş leytenant Elvin Namazov və 32 yaşlı kapitan Mühid Orucov- bu igidlər də vətən uğrunda şəhid olublar. Prezident İlham Əliyevin sərəncamına Qazax rayonunun  Yuxarı Salahlı kənd sakini Elvin Namazov “Vətən uğrunda”, Fərəhli kənd sakini Mühid Orucov “İgidliyə görə”, Orxan Əliyev isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar.

Azərbaycan dövləti gənc hərbçilərin sosial və məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin daha da gücləndirilməsini dim diqqət mərkəzində sxlayır. Sosial sahədə dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər ordu quruculuğu işinin əsas prioritet məsələlərindəndir. Bu tədbirlər hərbçilərin, demək olar ki, bütün təbəqələrini əhatə edir. Bu haqda danışarkən ilk növbədə onu vurğulamaq lazımdır ki, son illər "Hərbi xidmətkeçmə haqqında" Qanuna və əsasnaməyə edilən dəyişikliklər hərbi qulluqçuların pensiya təminatı sahəsində vaxtaşırı ortaya çıxan bir sıra problemlərə son qoyub. Əsgərin xidməti və məişəti dövlətin nəzarətində və qayğılı diqqətindədir.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir