İtkin düşən alpinistlərin dostlarından TƏKLİF


Digərləri 11 Yan 2018 11:08:23 270 0

İtkin düşən alpinistlərin dostlarından TƏKLİF

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin bir qrup alpinist dostları itkin düşmüş alpinistlərin axtarışları üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar qeyd ediblər ki, axtarışların daha səmərəli olması üçün müvafiq qurumların atacaqları əlavə addımlar, ərazidə istifadə edilə biləcək əlavə avadanlıqlar mövcuddur:

Alpinistlərin dostları itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı 'Apple' şirkətindən ən son siqnalların, antenn məlumatlarının alındığı koordinatların müəyyənləşdirilməsini istəyirlər. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən "Ground Penetrating System" əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər.

Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın Sensors&Software şirkətinin istehsalı olan SnowScan Rescue Radar, İsrailin Camero-Tech şirkətinin istehsalı olan və "Sense-through-the-wall" təsvir texnologiyası ilə çalışan avadanlıq,  70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor - MF 9700 QUINARY,  NASA-nın  istifadə etdiyi  'FINDER' (FINDER Search and Rescue Technology) cihazı , -20 (mənfi iyirmi) dərəcəyə qədər termo həssaslıqla göstərən Termographic kameralar və digər avadanlıqlardan istifadə olunması təklif olunur. Alpinistlərin dostları müvafiq dövlət qurumlarının açıqlamalarında, Quba rayonunda keçirilmiş mətbuat konfransında, yaxud KİV-də yayılan məlumatlar arasında bu avadanlıqlardan hansılardan istifadə edilməsi, hansıların istifadə edilməməsi ilə bağlı məlumatın olmamasını qeyd edirlər.