ABŞ neft ehtiyatları və hasilat 300 min barel azalıb


İqtisadiyyat 11 Yan 2018 10:16:55 318 0

ABŞ neft ehtiyatları və hasilat 300 min barel azalıb

Neft ehtiyatları maksimal səviyyədən 21% aşağı enib

ABŞ-da 29 dekabr-5 yanvar həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.

"Report" xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.

Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-da neft ehtiyatları 4,95 mln. barel və ya 1,17% azalaraq 419,5 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 3,75 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları əvvəlki həftə 7,4 mln. barel azalma göstərib.

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 3,55 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 4,13 mln barel və ya 1,77% artaraq 237,3 mln. barelə çatıb. Əvvəlki həftə isə benzin ehtiyatları 0,6 mln. barel artıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları son 1 il ərzində 63,6 mln. barel və ya 13,2% azalma göstərib. Ehtiyatların maksimal həddi 2017-ci il martın 24-də bitən həftədə 533,977 mln. barel olub. Hazırda ABŞ-ın neft ehtiyatları maksimal səviyyədən 114,462 mln. barel və ya 21,4% aşağıdır.

ABŞ-da hesabat həftəsində neft hasilatı 290 min barel və ya 2,96% azalaraq 9,492 mln. barel/gün təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, neft qiymətləri yüksək səviyyədə qalmağa davam edəcək. 2018-ci ilin ilk rübündə "Brent" markalı neftin 55-73 dollar/barel diapazonuna olması gözlənilir.