Samsung Exynos 9810 prosessoru məhsuldarlığı artıracaq


Digərləri 11 Yan 2018 08:11:00 255 0

Samsung Exynos 9810 prosessoru məhsuldarlığı artıracaq

"Samsung" şirkəti yeni "Exynos 9810" prosessorunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, prosessor qurğuya sifəti tanımağa imkan verəcək süni intellekt texnologiyası ilə təchiz edilib. Beləliklə, Cənubi Koreya şirkətinin gələcək qurğularda "Apple" şirkətinin "Face ID" funksiyasının bənzərindən istifadə edəcəyi ehtimal olunur.

Məlumata görə, "Exynos 9810" ikinci nəsil 10 nanometrlik "FinFET" texnoloji proses əsasında yaradılıb. Çip 2,9 QHs takt tezliyində işləyən dörd yüksək məhsuldarlıqlı prosessor nüvəsi, eləcə də 1,9 QHs takt tezliyində işləyən dörd enerji səmərəli nüvəyə malikdir. Çip, həmçinin "Mali-G72 MP18" qrafik sürətləndiricisi ilə təchiz olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, qrafik prosessor (GPU) əvvəlki modellə müqayisədə qrafik məhsuldarlığı 20 faiz çox təmin edir. Bildirilir ki, "Exynos 9810" saniyədə 120 kadr tezlikli "4K" təsvir ölçülü videonun yazılma və göstərilməsini dəstəkləyir.

"Samsung" təmsilçiləri bildirib ki, yaxşılaşdırılmış arxitektura və yaddaş tutumunun artırılması sayəsində yeni prosessor əvvəlki modelə nisbətdə "birnüvəli" rejimdə iki dəfə, "çoxnüvəli" rejimdə isə təxminən 40 faiz sürətli işləyir.

"Exynos 9810", həmçinin 6 tezlik daşıyıcısını dəstəkləyən və məlumatları 1,2 Qbit/saniyə sürətində ötürən "LTE Cat.18" modemi ilə təchiz edilib.