Əvvəl sürücülər qəpik davası edirdi, indi də şirkətlər yarışa girib


Digərləri 10 Yan 2018 23:48:00 318 0

Əvvəl sürücülər qəpik davası edirdi, indi də şirkətlər yarışa girib

Bakıda bir-birini təkrarlayan marşrut xətlərindəki avtobusların dayanacağa tez çatma yarışı davam edir

Bakıda bir-birini təkrarlayan marşrut xətlərindəki avtobusların dayanacağa tez çatma yarışı davam edir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Şəhər nəqliyyatı son illər ən çox islahatlar aparılan sahədir, amma problem o qədər çoxdur ki, bitib-tükənmək bilmir. Kart sisteminin tətbiqi ilə bir çox problemlər aradan qalxacağı bildirilirdi, həqiqətən də bunu görürük. Amma həllini gözlədiyimiz bir məsələ vardı ki, o, bir az formasını dəyişsə də, mahiyyət eynidir. Söhbət bir-birini təkrarlayan marşrut xətlərindəki avtobus sürücülərinin dayanacağa tez çatmaq "yarışı"ndan gedir.

Eyni hərəkət istiqamətində fərqli daşıyıcı şirkətlərə məxsus marşrut avtobusları əvvəl də olub, indi də. Əvvəllər bütün avtobuslarda ödəniş birbaşa sürücülərə edildiyi üçün burada sürücülərin daha çox sərnişin aparıb, əlavə qazanc əldə etməsi məsələsi vardı ki, indi də kartsız sərnişin daşıyan marşrutların yarışı var. Amma bəllidir ki, artıq elə avtobuslar da var ki, onlarda gediş üçün ödəniş ancaq kartladır və sürücülərin burda hər hansı maddi marağı yoxdur. Amma yenə də sürət həddini artırıb, dayanacağa tez çatmaq üçün yarışa çıxan avtobus sürücülərini görür, sərnişinlərin "kartof yox, adam aparırsan" tipli iradlarını eşidirik... Məsələn, 5 saylı marşrut avtobusu ilə 88 nömrəli marşrut xəttinin hərəkət istiqamətinin böyük bir hissəsi eynidir və 88 nömrəli avtobusun sürücüsünün dəfələrlə dayanacağa tez çatmaq üçün sürət həddini artırmasını müşahidə etmişik.

Sürət həddinin aşılması isə insan həyatı ilə oynamaq deməkdir. Sonuncu bu tipli hadisənin "istisi" hələ soyumayıb. Söhbət Bakının Zığ şosesində baş verən ağır qəzadan gedir. 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq aşmışdı. 20-dən çox insan xəsarət almışdı. Bu tipli avtobus yarışlarının tez-tez şahidi oluruq. Bəs bu problemdən çıxış yolu nədir? Ümumiyyətlə, bu istiqamətdə iş görülürmü? Kartsız avtobuslarda sürücülər rəqabət aparırdılarsa, belə çıxır ki, indi daşıyıcı şirkətlər dayanacağa tez çatmaq məsələsində maraqlıdırlar?   Sürücüləri həvəsləndirəcək bonus

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, burada şirkətlərin də rəqabəti ola bilər, sürücülərin də: "Nəzəri olaraq belədir ki, hər sürücünün idarə etdiyi avtobusda ödəniş aparatı olur ki, onun vasitəsilə hər gün hər sürücünün gündəlik nə qədər sərnişin daşıdığını müəyyənləşdirmək olur. Ola bilsin ki, şirkət sürücüləri daha çox sərnişin daşımağa həvəsləndirmək üçün bonus müəyyənləşdirsin. Bonus olduğu üçün sürücülər gündəlik daha çox sərnişin daşımaq üçün bu cür yarışlara gedə bilərlər. Bonus verilməsi rəqabət, stimullaşdırma cəhətdən effektiv üsul ola bilər. Amma qanunun pozulmasına gətirib çıxarırsa, insanların həyatını təhlükəyə atacaq bir mənzərə yaranırsa, artıq bu zaman bonusa gedilməməlidir. Rəqabət yaxşı şeydir, amma qanuni olmalıdır. Qanunun tələbinə görə, Bakıda bütün marşrut avtobuslarına Bakı Nəqliyyat Agentliyinin (BNA) təsdiq etdiyi marşrut sxemi və hərəkət qrafiki verilir. Orda həm avtobusların hərəkət istiqaməti göstərilir, həm də dəqiqələrinə qədər vaxt cədvəli. Filan dəqiqədə filan dayanacaqda olmalısan. Sürücü onların hər ikisinə və üstəgəl də yol hərəkəti qaydalarına ideal surətdə riayət etməlidir. Qrafiki, yol hərəkəti qaydasını pozan, marşrutdan kənara çıxan və pozan sürücü məsuliyyətə cəlb olunmalıdır".

"Çıxış yolu çoxtərəfli nəzarət sisteminin olmasıdır"