Azərbaycanın altı şəhərində yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək


Sosial 10 Yan 2018 23:33:07 271 0

Azərbaycanın altı şəhərində yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək

Tibb müəssisələri Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboyda tikiləcək

"Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmamalıdır.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezident İlham Əliyev deyib.

O həmçinin bildirib ki, altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək. Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək. Dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur. Onlardan ikisi bu il istifadəyə verilməlidir.

"Sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atılır. Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir.

Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər", - deyə İlham Əliyev söyləyib.