Rəşad Nəbiyev: “Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır


Digərləri 10 Yan 2018 23:30:03 251 0

Rəşad Nəbiyev: “Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır

“Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır.

Bakı. “Azerspace” və “Azersky” layihələrinin icrası Azərbaycandan “beyin axını”nın qarşısını alır. Trend-in məlumatına görə, bunu “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib. O qeyd edib: “Zati-aliləri, Sizin rəhbərliyiniz ilə həyata keçirilən və müasir Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə, qeyd etdiyiniz kimi, ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv oldu. Bu məqamda xatırlatmaq istərdim ki, Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma konstruktor bürosu” yaradıldı və kosmik tədqiqatların aparılmasına başlanıldı. Əfsuslar olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayedən də yan keçmədi, bu sahədə ixtisaslaşmış kadrların ölkədən axınına, əldə olunmuş bilik və təcrübənin itirilməsinə səbəb oldu. Zati-aliləri, 2009-cu ildə təsdiq etdiyiniz “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi. Bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırdı və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrildi”. R.Nəbiyev bildirib ki, “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib: “Cənab Prezident, bütün bunlarla yanaşı, peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində verdiyiniz tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir. Dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq bizi seçir. Rəqib peyk operatorlarından fərqli olaraq, “Azerspace-1” üzərindən yayımlanan kanalların məzmun seçiminə xüsusi həssaslıqla, etik və milli mənəvi dəyərlər prizmasından yanaşırıq. Bu, bizim tam kommersiya istiqamətində çalışmağımıza məhdudiyyətlər yaradır. Lakin biz bu itkiləri ölkəmizdə digər sahələrin inkişafı hesabına kompensasiya etməyə çalışırıq. Belə ki, Sizin idman sahəsində yürütdüyünüz uğurlu siyasətin nəticəsi olaraq, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin müsbət təsirlərindən faydalanan sahələrdən biri də peyk yayımı sahəsidir”. ASC sədri xatırladıb ki, 2015-ci ildə vətənimizdə keçirilən ilk Avropa Oyunları, həmçinin ötən ilin ən önəmli idman hadisələrindən biri olan IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları “Azerspace-1” peyki üzərindən yayımlandı: “Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb oldu. “Azərkosmos” qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyimiz dörd il ərzində biz bu əlverişsiz mövqeyi üstünlüyə çevirməyə çalışmışıq. Fəaliyyətimizi Strateji İnkişaf Planı əsasında qurur, korporativ idarəetmənin ən son yeniliklərini tətbiq edirik. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir.