Avropa qadını kimdir?


Digərləri 10 Yan 2018 23:27:00 268 0

Avropa qadını kimdir?

Son.az lent.az-a istinadən yazını təqdim edir.

Avropa qadınları bizim qadınlardan fərqli olaraq daha sadə və təvazökardırlar. Daha sadə və diqqətçəkməyən tərzi seçirlər. Onlar sakit, gülərüz, mehribandırlar. Heç kimi yuxarıdan aşağı qəzəbli baxışlarla süzməz və heç bir halda "neçə yaşın var, niyə ərə getmirsən, uşağın niyə yoxdu, niyə belə arıqsan və ya köksən, nə qədər maaş alırsan?" kimi suallar vermirlər. Heç kimi günahkar çıxarmağa və ya birbaşa tənqid etməyə çalışmırlar. Tənqidi belə, çox incə və nəzakətlə etməyə çalışırlar. Münasibətlərdə çox sərbəstdirlər. Evlilik, ailə onlar üçün ikinci plandadır...

Bunlar bir çoxlarının avropalı xanımlar haqqında fikirləridir.

"Kimdir avropa qadını: çox tərbiyəli, çox humanist, tolerant, gözüaçıq, səmimi, gülərüz, çalışqan, fədakar, dünyanı geniş görən, dostcanlı, ailəsi və uşağı üçün fədakarlıq edən kimi tanıyıram". Bu sözləri isə 20 ildir Niderlandda yaşayan həmvətənimiz Afaq xanım Mürsəl deyir.

Gəlin bir qədər araşdırma edib türklər demiş "önyarqılardan" uzaq nəticəyə gələk:

Kimdir Avropa qadını?

P.S. Burada daha çox ümumi Avropa qadını obrazından danışılır. Təbii ki, istisnalar vardır.

Avropa qadınları həyata daha sadə baxırlar. Perfoksionist deyillər, hər şey mükəmməl olmalıdır və ya hər şeyin ən yaxşısı onların olmalıdır deyə düşünmürlər. Onlar hər şeyi və hər kəsi olduğu kimi, təmkinlə qəbul edirlər.

Avropada qadınlar həmişə funksional və rahat olanı seçirlər. Bu, onların daha feministləşmiş və azad olmalarından irəli gəlir. Əgər işə tələsirlərsə, makiyaja və saçı düzləşdirməyə vaxtları yoxdursa, bu, onlar üçün problem deyil. Asanlıqla saçını "at quyruğu" yığıb, makiyajsız evdən çıxıb velosipedləri ilə yola düzəlirlər. Çünki onlar düşünürlər ki, təbii gözəlliyi vurğulamağa ehtiyac yoxdur, onlar hər halları ilə gözəldirlər. Həm də həyat çox qısadır, belə xırda şeylərə görə vaxt itirməyə, problem yaratmağa nə ehtiyac var? Həyatdan zövq almaq lazımdır. Kompleksiz, çərçivəyə sıxılmadan, sərbəst və rahat ...

Nə qədər az olsa, bir o qədər yaxşıdır!

Avropa xanımları makiyajı o qədər də sevmirlər. İtaliyalı xanımların şux və diqqətçəkən makiyaj sevdasından fərqli olaraq, İsveç və Niderlandda makiyajlı xanım tapmaq çox müşkül məsələdir. Avropalı qadınların devizi budur: "nə qədər az olsa, bir o qədər yaxşıdır". Buna görə də orada gəzərkən əsasən ya az makiyajlı, ya da makiyajsız xanımları görmək olar.

Rahat və funksional

Tərzə gəlincə isə, onlar geyimləri ilə seçilməyi sevmirlər. Nədənsə bizə elə gəlir ki, Avropada qadınlar podiumda göstərilən kolleksiyalardakı kimi geyinir. Bu, heç də belə deyil. Onlar çox sadə, əsasən sport və basic (beyzik) tərzində geyinməyə üstünlük verirlər. Son zamanlar dəbə düşən kapüşonlu balaxonlar avropalı xanımların ən sevimlisidir. Gənclərin slenqində "kenquru" adlanan bu köynəklər daha çox Almaniya, Belçika, Avstriya və Finlandiyada məşhurdur. Bu geniş, rahat və ucuz geyimdə onlar asanlıqla hər yerə gedə, velosipedlə rahat hərəkət edə bilirlər. Məsələn, Niderlandda yaşayan həmvətənimiz Afaq xanım da bunu vurğulayır ki, məktəb qarşısında övladlarını gözləyən analara diqqət etdikdə bunu asanlıqla görmək olur: "Hündür, arıq, sarışın və ağbənizli xanımlar. Onlar çox bənzəyirlər. Maddi vəziyyətlərindən asılı olmayaraq, bu, belə olur. Seçilməyi sevmirlər".