İlham Əliyev: "Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək"


Siyasət 10 Yan 2018 22:28:00 308 0

İlham Əliyev: "Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək"

Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident deyib ki, ictimai işlərin yaradılması öz müsbət nəticəsini verib: "Biz bu işə iki il bundan əvvəl başladıq, buna ehtiyac var idi. Çünki işsizlik artmağa başlamışdı. Dünya iqtisadi və maliyyə böhranı bizə də təsir etmişdi. İşsizliyin qabağını almaq üçün biz ictimai işlərin yaradılmasına başladıq və operativ tədbirlər nəticəsində il ərzində on minlərlə ictimai iş yaradılmışdır. İndi ictimai işlərə tələbat o qədər də böyük deyil. Bölgələrdə olarkən maraqlanıram və mənə məlumat verilir ki, indi kənd təsərrüfatına bu qədər dəstəyin verildiyi bir vaxtda vətəndaşlar - yəni, kəndlilər daha çox kənd təsərrüfatı işləri ilə məşğuldurlar, orada daha çox pul qazanırlar. Ona görə, ictimai işlərə maraq azalıb".

İlham Əliyev əlavə edib ki, amma yenə bu il də ictimai işlərin yaradılması istiqamətində iş aparılacaqdır ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun:

"Bu yaxınlarda başladığımız özünüməşğulluq proqramının da uğurlu icrası gözlənilir. Bu məqsədlər üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda, ünvanlı sosial yardım alanların sayı da çoxalmayacaq, azalacaq. Bu yardımı alanlar artıq dövlət tərəfindən biznes üçün lazım olan vasitələrlə təmin ediləcəklər".