2018ci ildə turizm sahəsində gözlənilən yeniliklər


Digərləri 10 Yan 2018 22:14:00 277 0

2018ci ildə turizm sahəsində gözlənilən yeniliklər

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ekspertlər deyir ki, Azərbaycanın potensialı daha çox turistin qəbul edilməsinə imkan verir 

Bu günlərdə ABŞ-ın məşhur "USA today" informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd edilib. AZƏRTAC xəbər verir ki, dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır: "Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir". 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.   Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, turizm məkanları haqqında ətraflı məlumatlar və fotolar öz əksini tapıb. 2017-ci il həm də Azərbaycana gələn turistlərin sayında rekord göstərici ilə yadda qalıb. Belə ki, son 5 illə müqayisədə, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib.   Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı illə müqayisədə, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082-si Rusiya Federasiyası, 537 710-si Gürcüstan, 362 597-si İran, 301 553-ü Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub. 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3,8 faiz təşkil edib. 2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.