İlham Əliyev: Azərbaycan bütün tərəfdaşlarla Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır


Digərləri 10 Yan 2018 22:09:08 175 0

İlham Əliyev: Azərbaycan bütün tərəfdaşlarla Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır

Azərbaycan bütün tərəfdaşlarla Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır.

Bakı. Azərbaycan bütün tərəfdaşlarla Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır. Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib. Dövlətimizin başçısı qeyd edib ki, 2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş verib. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir: “Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq. “Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm, “Azəri-Çıraq-Günəşli”nin əsas əhəmiyyəti bundan ibarətdir”.