Prezident İlham Əliyev: 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib


Digərləri 10 Yan 2018 21:18:05 198 0

Prezident İlham Əliyev: 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib

2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib.

Bakı. "2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. “Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək”, - deyən dövlətimizin başçısı dünya ictimaiyyətinin belə bir mənzərə ilə üzləşərək narahatlıq hissi keçirdiyini qeyd edib. Prezident əlavə edib ki, Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. İndiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir. Prezident İlham Əliyev vurğulayıb ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır. “Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək”, - deyə dövlətimizin başçısı bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin