Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda təhsil üçün qrantlar veriləcək


Digərləri 10 Yan 2018 18:05:00 197 0

Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda təhsil üçün qrantlar veriləcək

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınmış və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənmişdir. 2019-cu ildə ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının 18-ci sammiti keçiriləcək və Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma növbəti üç ildə sədrlik edəcəkdir. Bütün bunlar ölkəmizin Hərəkata üzv dövlətlərlə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxundan olan vətəndaşların vaxtilə Azərbaycanın ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil almaları və sonralar aparıcı mütəxəssislər kimi tanınmaları onların bu gün ölkəmizdə təhsilə marağını daha da artırır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Qoşulmama Hərəkatına üzv dövlətlər ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərinin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin. Müəyyən edilir ki, bu sərəncamda nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır; həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir. Nazirlər Kabinetinə tapşırılır ki, bu srəncamda nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etsin; Azərbaycan Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Xarici İşlər Nazirliyinə tapşırılır ki, Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirsinlər. Təhsil Nazirliyi bu Sərəncama olaraq müəyyənləşdirilmiş siyahı üzrə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin etməlidir. Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli digər aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılır. Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsis edilmiş təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etsin. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin