Azərbaycanın kitabxanaçılıq tarixində ilk FOTO


Digərləri 10 Yan 2018 12:20:00 374 0

Azərbaycanın kitabxanaçılıq tarixində ilk  FOTO

Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Son.az-a verilən məlumata görə, ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin (UCLA) kitabxanasında Azərbaycan Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Əvvəlcə UCLA Kitabxanasının Yəhudi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı Deyvid Hörş (David Hirsch) Azərbaycana səfərləri və bu səfərlər müddətində ölkəmizdə kitabxanaçılığın inkişafı barədə təəssüratlarını bölüşərək, Azərbaycanla UCLA Kitabxanası arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib. O, bu memorandumun imzalanmasının qısa bir müddət ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində və öyrənilməsində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resursları fondunun formalaşmasına və oxucuların istifadəsinə verilməsinə imkan yaradacağını vurğulayıb. K.Tahirov bu əlaqələrin yaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edib.

UCLA Kitabxanasının direktoru Virciniya Stil (Virginia Steel) isə Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA Kitabxanası və AMK-nın əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev də tədbirdə çıxış edərək UCLA Kitabxanasının Azərbaycan Milli Kitabxanasının ABŞ-da rəsmi əməkdaşlığa başladığı ilk universitet kitabxanası olduğunu açıqlayıb və bu tarixi mərasimdə iştirakından məmnun olduğunu bildirib. O, AMK və UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun iki kitabxana arasında qarşılıqlı faydalı əməkdaşlığa, eləcə də hər iki xalqın daha da yaxınlaşmasına güclü zəmin yaradacağına inandığını qeyd edib.