Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişə bilər


İdman 10 Yan 2018 11:26:00 210 0

Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişə bilər

Hazırda Berlin "Dinamo"sunda forma geyən Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov karyerasını Almaniyanın III Liqasının "Şportfroynde" klubununda davam etdirə bilər.

Goal.az-ın məlumatına görə, Lotte şəhərinin təmsilçisi 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. Komandanın məşqçisi Jozep Laumann Dadaşovu transfer etməyi düşündüklərini bildirib. Onun sözlərinə görə, cari mövsümdə vurduğu 19 qolla Şimal-Şərq zonasında bombardirlik yarışına başçılıq edən forvard "Şportfroynde"ni gücləndirəcək səviyyədədir: “Cari mövsümdə iştirak etdiyi 18 oyunda 19 qol vuran Rüfət Dadaşovun xidmətində maraqlıyıq. Amma bunun mümkün olub-olmadığına baxmalıyıq. Çünki futbolçunun "Dinamo" ilə mövsümün sonunadək müqaviləsi var. O, "Reqensburq"a keçən Hamadi Əl-Qaddiuinin boşluğunu doldura bilər”.

Bildirilir ki, "Şportfroynde" Əl-Qaddiuinin satışından 30 – 75 min avro əldə edəcək. Həmin vəsaitin Dadaşovun transferinə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. Report