Gənclər niyə özünü öldürür? Sonuncu addım…


Digərləri 10 Yan 2018 10:45:00 192 0

Gənclər niyə özünü öldürür?  Sonuncu addım…

Son vaxtlar, xüsusən, gənclərin intihar etməsi daha da artıb. Hər kəsi düşündürür ki, həyata yenicə başlayan, potensialı olan bu gənclər niyə yaşamağı deyil, ölümü seçirlər?

Son.az xəbər verir ki, "Ekspress" qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, təkcə yanvarın 8-9-da Azərbaycanda dörd gənc intihar edib. Belə ki, Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib. Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib. Bakıda, "Ulduz" metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib. Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib.

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlərin sayı müharibə nəticəsində ölənlərdən çoxdur.

Psixoloq Raminə Həsənova qəzetə bildirib ki, yeniyetmə və gənclərin intihar etməsinin əsas səbəbləri ailədaxili münasibətlərin düzgün olmaması, ailədə problemlərin yaşanması, cavabsız qalan sevgidir: "İntiharları cəmiyyətdə gedən dəyişikliklərlə də izah edən alimlər olur. Həmyaşıdları ilə münasibətlərin pozulması, pis vərdişlərə aludəçilik də intihara təkan verən səbəblər arasındadır".

Metroda intihar edən Rəşad Mustafazadə 

İntihar fikri insanda adətən birdən-birə yaranmır. Bu, bir neçə dəfə ağla gələn, çox vaxt depressiyanın ağırlaşması ilə nəticələnən ağır sonluqdur. "Yeniyetmə və gənclərin əhvalsız olması, özünə qapanması, valideynləri ilə öz yaşadıqları, duyğuları ilə bölüşməməsi, apatiyada olması intihar haqqında fikirlərə işarədir. Valideynlər diqqətli olmalı və belə hallarda yaranmış vəziyyəti dəyişdirməyə çalışmalıdır. Mümkün deyilsə, psixoloq köməyindən faydalanmaq lazımdır".

Həsənovanın sözlərinə görə, çox vaxt gəncin psixoloji durumunun mənfiyə doğru formalaşmasında valideynlər özləri günahkar olur: "Sevgisiz, diqqətsiz qalan övlad bəzən bunu yanlış yerlərdə axtarır və tapmadıqda bu, travma, bunun da aradan qaldırılmaması ilə intihara aparan depressiya ilə nəticələnir. Eləcə də, valideynlərin övladlarını başa düşməməsi, onları çox sıxması, təzyiq altında saxlaması hələ bərkiməmiş psixologiyalarını zədələmiş olur. Təəssüf ki, əksər vaxtlarda yaxınları, valideynləri şəxslərin intihar edəcəyindən xəbərsiz olur. Çünki onları uzunmüddətli depressiv vəziyyətdə görmələyə alışıblar. Yeniyetmələrin maddi tələblərini ödəməmə, ailədə yaşanan maddi sıxıntılar da gəncdə yaşamağa dair ümidlərini puç edə bilər".