AMK və UCLA memorandum imzalayıb


Digərləri 10 Yan 2018 10:44:00 215 0

AMK və UCLA memorandum imzalayıb

Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb.

Bakı. ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin (UCLA) kitabxanasında 9 yanvar 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır. İlk öncə çıxış edən UCLA Kitabxanasının Yəhudi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı Deyvid Hörş (David Hirsch) Azərbaycana səfərləri və bu səfərlər müddətində ölkəmizdə kitabxanaçılığın inkişafı barədə əldə etdiyi təəssüratlarını bölüşərək, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib. Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib. O, bu memorandumun imzalanmasının eyni zamanda qısa bir müddət ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində və öyrənilməsində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resursları fondunun formalaşmasına və oxucuların istifadəsinə verilməsinə imkan yaradacağını vurğulayıb. K.Tahirov, həmçinin, UCLA Kİtabxanası ilə əlaqələrin yaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkürünü ifadə edib. Sonra çıxış edən UCLA Kitabxanasının direktoru Virciniya Stil (Virginia Steel) Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA Kitabxanası və AMK-nın əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.