Tərəkəmələrin köç yeməyi candan çəkmə VİDEO FOTO


Digərləri 10 Yan 2018 07:28:00 227 0

Tərəkəmələrin köç yeməyi  candan çəkmə  VİDEO  FOTO

Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Beyləqan rayonunun da özünəməxsus xörəkləri var. Onlardan biri də tərəkəmələrin köç vaxtı, eləcə də həm yaylaq, həm də qışlaqda bişirdikləri candan çəkmədir.

Son.az xəbər verir ki, Beyləqan rayonunun Yeni Mil qəsəbə sakini Xanım Kamranova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, inək və ya qoyunlar səhər-axşam sağılar, candan çəkmə bişirilərdi. Əsasən səhər və axşam xörəyi olan candan çəkmə hazırda da tərəkəmələrin ən çox sevdikləri yeməklərdəndir.

Xanım Kamranova bu yeməyin bişirilmə qaydasından danışarkən deyib: "Candan çəkmənin hazırlanmasında süd, yumru düyü, aş lobyası və kişmişdən istifadə edilir. Əvvəlcə süd bişirilir. Bişmiş bir litr südün içərisinə 1,5 stəkan yumru düyü tökülür. Düyü bişəndə yarım stəkan kişmiş, yarım stəkan ayrıca qaynadılmış lobya və zövqə uyğun duz əlavə edilir, vam odda 5 dəqiqə bişirilir. Yeməyin candan çəkmə adlandırılması isə onun içərisindəki ərzaqların südü canına çəkməsi ilə əlaqədardır. Candan çəkmə süfrəyə verilərkən üzərinə inək yağı qoyulur".

Qeyd edək ki, köçəri həyat tərzi sürən tərəkəmələr əsasən qoyunçuluqla məşğul olublar. Tərəkəmələr ömürlərinin böyük hissəsini təbiət qoynunda - sürü qırağında, at belində keçiriblər. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxındır ki, yayı da, qışı da Aranda keçirən Beyləqan tərəkəmələri yenidən yaylaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.


Xəbərə aid fotolar