"Zuma" məxfi missiyanı yerinə yetirə bilmədi VİDEO


Digərləri 10 Yan 2018 07:14:00 265 0

"Zuma" məxfi missiyanı yerinə yetirə bilmədi  VİDEO

Yanvarın 8-nə keçən gecə ABŞ hökumətinin sifarişi ilə Kaliforniyanın "SpaceX" kompaniyası tərəfindən fəzaya buraxılan məxfi "Zuma" peyki missiyasını yerinə yetirə bilməyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kod adı "Zuma" olan peyk lazımi orbitə çatmayıb. İlkin məlumata əsasən, məxfi peyk daşıyıcı raketin ikinci pilləsindən vaxtında ayrıla bilməyib, ya kosmosda parçalanıb və ya okeana düşərək dağılıb. ABŞ-ın Silahlı Qüvvələri peyki balansdan silib.

İnsidentlə bağlı təhqiqat başlayıb: hazırda təxribat versiyası nəzərdən keçirilmir. "SpaceX" kompaniyası hadisəyə şərh verməkdən imtina edib. Kompaniyanın rəsmi nümayəndəsi "Falcon 9" daşıyıcı raketinin normal rejimdə işlədiyini" bildirməklə kifayətlənib.

Xatırladaq ki, ötən ilin noyabr ayından bir neçə dəfə təxirə salınan start "Falcon 9" daşıyıcı raketi vasitəsi ilə ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral burnundakı bazasından həyata keçirilib. Peykin təyinatı haqda heç nə məlum deyil: kompaniyanın rəhbərliyi və Pentaqon jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

"SpaceX"in əsası kosmik uçuşların xərclərinin azaldılması məqsədilə "PayPal" və CEO "Tesla Motors" kompaniyalarının sabiq sərmayədarı milyarder İlon Mask tərəfindən 2002-ci ildə qoyulub. O, məxfi aparatların fəzaya buraxılmasında azı iki dəfə iştirak edib. Buraya Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi üçün peyk və ABŞ Hərbi Hava Qüvvələri üçün X-37B pilotsuz kosmik təyyarəsi daxildir.