Dəm qazı: Ondan qurtulmaq yolu nədir?


Digərləri 09 Yan 2018 23:35:00 252 0

Dəm qazı: Ondan qurtulmaq yolu nədir?

Hər il onlarla can alan dəm qazı təhlükəsindən yaxa qurtarmaq üçün detektor qoymaq çıxış yoludurmu?

Hər qış dəm qazından vəfat edənlərin sayı yay aylarında nisbətdə daha çox olur.

Bu "ayaqucunda səssiz-səmirsiz gələn ölüm"ün qarşısını almaq üçün sakinlər evlərinə detektor quraşdırmalıdırlar, ekspertlər təklif edir.

Son.az BBC-yə istinadən bildirir ki, bəzi yeni çoxmərtəbəli binalarda mənzil-tikinti kooperativləri evləri qazla bağlı problemləri aşkarlayan detektorla könüllü təchiz edirlər, - belə şirkətlərdən birinin əməkdaşı BBC Azərbaycancaya danışır.

Bəzi millət vəkilləri isə hesab edir ki, qaz təhlükəsi ilə bağlı yaranan təhlükələri önləmək üçün mənzillərdə detektorlar məcburi quraşdırılmalıdır.

Dekabrın 31-də Zaqatala rayonunda bir qadın və iki azyaşlının ölümünə ilkin səbəb kimi dəm qazı göstərilib.

Bundan az sonra isə Bakıda bir gəncin ölüm diaqnozunda ilkin ehtimal kimi dəm qazından boğulma göstərilib.

"Hamamda huşumu itirdim"

Bakı sakini Aygün (adı onun xahişi ilə dəyişdirilib) danışır ki, bu ilin əvvəlində vanna otağında çimərkən huşunu itirərək yıxılıb. Ailə üzvləri tappıltı səsinə hamama qaçıb onu huşsuz tapıblar:

"Məni dərhal təmiz havaya çıxarıblar və təcili tibbi yardıma müraciət ediblər".

Aygün deyir ki, o, hamamda olan qaz qızdırıcısından yaranan dəm qazından boğulurmuş.

"Dəm qazı deyə bilmərəm, amma qaz buraxsın, ya bir problem yaransın, dərhal evdə quraşdırılan detektor səs salır", Bakıda Xırdalanda yeni binaların birində yaşayan Güldanə Axundzadə BBC Azərbaycancaya deyir.

"Biz mənzilləri detektorla könüllü təchiz etdik"

Bakıda fəaliyyət göstərən mənzil tikinti korporativlərindən birinin nümayəndəsi BBC Azərbaycancaya bildirir ki, onlar tikdikləri binalarda qaz sayğacları ilə yanaşı qaz sızması və dəm qazını aşkarlayan cihazlar da quraşdırırlar. Şirkət rəsmisinin sözlərinə görə, bu onların şəxsi təşəbbüsüdür və heç bir qurumdan bununla bağlı göstəriş almayıblar.

İnternet mağazalarda dəm qazı aşkarlayan cihazlar satılır

Bu cihazlar həm qaz sızması, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verərək əvvəlcə qaz axınını dayandırır, sonra isə xəbərdarlıq edərək ev sahibini məlumatlandırır, adının açıqlanmasını istəməyən MTK əməkdaşı deyir.

Şirkət rəsmisinin sözlərinə görə, bu cihazlar əlçatandır, hətta onu internetdə də tapıb almaq olar.

Qaz sızması və dəm qazı olduqda siqnal verən cihaz