Vaxtanq Kikabidze Qəbələdə konsert verdi FOTO


Digərləri 09 Yan 2018 23:23:00 226 0

Vaxtanq Kikabidze Qəbələdə konsert verdi  FOTO

Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir. Artıq 5 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada MDB ölkələrindən olan tanınmış müğənnilərin, gülüş ustalarının iştirakı ilə keçirilən rəngarəng konsertlər insanları öz sehrinə qərq edir. Bu festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, festivalın proqramına uyğun olaraq Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn yüzlərlə turist, eləcə də yerli qonaqlar üçün Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti olub. Yanvarın 9-da Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl Qəbələnin gözəlliyindən söz açan ifaçı yerli və xarici tamaşaçılar qarşısında çıxışdan qürur duyduğunu bildirib. Vaxtanq Kikabidze ecazkar səsi və mahnıları ilə yenidən qəlbləri fəth edib. O, yaradıcılığının müxtəlif dövrlərinə aid mahnıları tamaşaçılara onların tarixçələrini danışaraq təqdim edib. Şux zarafatlar, məzəli söhbətlərlə zalda şən ovqat yaradan ifaçının çıxışı alqışlarla qarşılanıb. Sənətçi ən populyar mahnılarını rus dilində ifa edib.

V. Kikabidzenin tamaşaçılara təqdim etdiyi repertuarda onun məşhur "Mənim illərim-mənim sərvətim", "Mimino" filmindəki mahnıları da olub. Canlı əfsanə, məşhur "Çitto Qritto" mahnısının ifaçısı Vaxtanq Kikabidze konsertdə təqdim etdiyi yeni mahnıları ilə də pərəstişkarlarını sevindirib. Bakıda 2 dəfə konsert verdiyini deyən tanınmış ifaçı Qəbələyə ilk dəfə gəldiyini, buranın gözəlliyinə və insanların xeyirxahlığına valeh olduğunu, Azərbaycanı çox sevdiyini bildirib. Konsertin sonunda tamaşaçı alqışları ilə yenidən səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı "Bəri bax"ın da daxil edildiyi "Qafqaz popurisi" ilə sona çatdırıb. O, tamaşaçıları yeni il münasibətilə təbrik edib, onlara sevgi və səadət arzulayib.

Sonra tanınmış gürcü müğənnisi Nutse Buzaladze Azərbaycan, rus, ingilis, gürcü və türk dillərində mahnılar oxuyub. O, tamaşaçılar qarşısında Xalq Artisti Polad Bülbüloğlunun oxuduğu "Şən Azərbaycan" mahnısını ifa edib. Sonra Gürcüstanın "Mqzavrebi" musiqi qrupunun çıxışı olub.


Xəbərə aid fotolar