Ağrıkəsici İbuprofen kişilərdə sperm yaranmasını zəiflədə bilər


Digərləri 09 Yan 2018 21:19:00 269 0

Ağrıkəsici İbuprofen kişilərdə sperm yaranmasını zəiflədə bilər

"The Telegraph" yazır ki, yeni araşdırma ən effektli ağrıkəsicilərdən biri sayılan ibuprofen preparatının bir gündə 6 həbinin qəbul edilməsinin kişilərin sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi nəticəsinə gəlib.

Təcrübə zamanı bəlli olub ki, bu ağrıkəsicinin gün ərzində 600 milliqramının qəbul edilməsi kişilərin nəsilartırma qabiliyyətinə, seksual həvəsinə və fertilliyinə təhlükəli dərəcədə mənfi təsiri ola bilər.

Təcrübə zamanı 18-35 yaşları arasında olan sağlam kişilərə 6 həftə ərzində günə 600 mq ibuprofen verilib. Alimlər bu altı həftə ərzində həm də bu kişilərin xaya hüceyrələrindəki dəyişiklikləri laboratoriyada müayinə edirdilər.

Artıq ikinci həftədə təcrübədə iştirak edən kişilərdə hipoqonadizm deyilən cinsi hormonal pozuntular qeydə alınıb. Kişilərdə cinsi hormonlar testosteronun istehsalına bilavasitə məsuliyyət daşıyır.

İbuprofenin verilməsi dayandırılan kimi, bu hormonal disfunksiya da aradan qalxıb.

Hipoqonadizmin təhlükəsi bundadır ki, bu pozuntu zamanı yetkin kişilərdə fertillik, daha doğrusu spermlərin istehsalı yavaşıyır və sonsuzluq riski yaranır. Hipoqonadizm bədən tük örtüyünün seyrəlməsi və əzələlərin boşalması ilə müşayiət olunur.