"Titrəyətitrəyə oxuyuram ki, onun başına daha pis hadisələr gəlməsin"


Kriminal 09 Yan 2018 21:01:00 273 0

"Titrəyətitrəyə oxuyuram ki, onun başına daha pis hadisələr gəlməsin"

Əməkdar artist Kəmalə Müzəffərin Son.az-a müsahibəsi.

- Kəmalə xanım, son zamanlar serialdan başqa heç bir yerdə görünmürsünüz. Sözün düzü, sonuncu dəfə yazılı müsahibənizi nə vaxt, harada oxuduğumu da unutmuşam. Olmaya mətbuatdan gizlənirsiniz, özünüzə qapanmısınız?

- Xeyr, sadaladıqlarınızın heç biri baş verməyib. Teatrda tamaşalarımı oynayıram, serialıma çəkilirəm. Bir sözlə, işlərimlə məşğulam. Siz bu yaxınlarda mənim tamaşama da gəlmişdiniz, gördünüz ki, teatrdayam. Sadəcə olaraq, mən bir hadisənin ucundan tutub, ucuzluğuna getməyi xoşlamıram. Bu, artıq mənim xasiyyətimdir.

- Mübarizə aparmaqdan qaçırsınız?

- Mən niyə mübarizə aparmalıyam ki? Kimlə mübarizə aparım? Hərdən deyirlər ki, "İnsan həyatda mübarizə aparmalıdır". Mən niyə mübarizə aparım ki? Onsuz da, mübarizə aparanlardan da qat-qat öndəyəm. Gecə-gündüz hamıyla dava-dalaş, hamıyla mübahisə, mübarizə aparan insanlar məndən önə keçməyiblər!

- Bu günlərdə bir mono tamaşanıza baxdım. Tər-su içində idiniz. Həqiqətən, çox ağır tamaşa idi...

- Əgər yorulub-yorulmadığımı soruşursunuzsa, yorulmamışdım. Sadəcə olaraq, işıqların altında idim. Ona görə də tər-su içində idim. Tamaşada bir saatdan da çox dayanmadan hərəkət və danışıq var idi.

- Özəlliyiniz nədir ki, sizə həmişə ağır yüklü obrazlar həvalə edirlər?

- Bunu siz rejissorlardan soruşsanız, daha yaxşı olar. Bu, mənə də çox maraqlıdır.

- İstəməzsiniz ki, bir komediyada oynayasız?

- Həm faciəni, həm komediyanı ustalıqla oynaya bilən bir aktyor tanıyırsınız? Ola bilər ki, aktyor hər iki janra müraciət edib oynasın, amma onun oynadıqlarının heç biri nə faciə ustasının, nə də komediya ustasının oynadığı qədər möhtəşəm olmayacaq. Yani sıradan bir obraz olacaq. Hətta böyük teatr xadimi Stanislavski deyib ki, mən aktyorları 3 yerə ayırıram: 1-ci faciə, 2-ci dram, 3-cü isə komediya oynaya bilən aktyorlar. O faciəni birinci yerə qoyub.

- O faciəni birinci yerə qoyub deyə siz faciə oynamağa üstünlük verirsiniz?

- Mən hər hansısa rola üstünlük vermirəm, sadəcə bunu oynaya bilirəm. Mən niyə komik rollar istəməliyəm ki? Niyə öz yolumdan çıxmalıyam ki? Komik rollarım olub, amma onların içində daxilimdə olan Kəmalələr yoxdur! Mən bu rolların aktrisasıyam. Bütün dünyada artıq bu qəbul olunub. Mən də çıxıb komediya oynayaram, amma bilirəm ki, Nəsibə Zeynalova olmayacağam!

- Amma bu rollar sizin səhhətinizə də pis təsir edir. Çox əsəb, stress keçirirsiniz.

- Əsəbi, stressi oynadığım ağır yüklü rollara görə keçirmirəm, sadəcə bəzən özümə qarşı haqsızlıqlar, ədalətsizliklər görürəm.

- Qadın aktrisaların özünəməxsus kaprizləri olur. Sizin nə kimi kapriziniz var?

- Siz bunu da rejissorlardan soruşun. Mən 19 yaşımdan çəkiliş meydançasındayam. 15 gün idi univeristetə gedirdim, artıq filmdə çəkilirdim. 4-cü kursu bitirənə kimi 5-6 filmə çəkilmişdim. Azərbaycanda say-seçmə rejissorlarla işləmişəm. Onlardan soruşun görün bircə dəfə olubmu ki, onları yarıda qoyum? Və yaxud roluma məsuliyyətsiz yanaşım, yaxud da çəkiliş meydançasına gecikim? Mən sizi əmin edirəm, bu cür hallar baş verməyib.

- Bu qədər rejissorlarla çalışmısınız. Onların hamısında bəyənmədiyiniz ortaq xüsusiyyətləri olan insanlar olub?

- Xeyr, şəxsin necə fərdi xüsusiyyətləri olursa, o, onun sənətinə də, şəxsiyyətinə də təsir edir. Həmişə demişəm, yaratdıqlarımızda bir az da olsa biz varıq. Bu mütləqdir. Mənfi rollar oynayan aktyorlar məndən inciməsinlər. Biz o mənfiliyi cəmiyyətə göstərməyə bilərik, amma içimizdə mütləqdir ki, o var. Bütün çalışdığım rejissorların özəl xüsusiyyətləri vardır. Mən onların hamısının xətrini çox istəyirəm. Onlar mənim sənətimin kapitanlarıdır. Mən öz bildiyim kimi oynaya bilərəm, amma rejissor mayakdır. O, səni düzgün yolla aparmalıdır.

- Bağışlanmaz səhvləri bağışlayırsınız?

- Təbii ki.

- Hamını bağışlayırsınız?

- Bəli, hamını. Bağışlamadığım heç nə yoxdur. Ola bilər ki, ilk öncə, əsəbləşib özümdən çıxım, amma sonradan unuduram. Hətta 3 gündən sonra yadıma sala bilmirəm ki, hadisə necə olmuşdu? Bəzən öz-özümə deyirəm ki, niyə nifrətim, kinim yoxdur? Kim mənə nə desə, haqsızlıq etsə, zaman, onsuz da, özü ona cavab verir.

- Rejissorların hamısından hörmət və sayğı görmüsünüz?


Xəbərə aid fotolar