"PAŞA Bank" yerli bazarda növbəti ilkə imza atıb


Digərləri 09 Yan 2018 18:09:00 352 0

"PAŞA Bank" yerli bazarda növbəti ilkə imza atıb

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib.

Bakı. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azercell Telekom, Azәrbaycan Coca-Cola Bottlers Limited və Caspian Marine Services Limited ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib. Bankdan Trend-ə verilən məlumata görə, bu yeni məhsul sahibkarlıq fəaliyyətini həyata keçirənlər arasında aparılan kommersiya əməliyyatları üçün nəzərdə tutulan müasir rəqəmsal bir bank xidmətidir. Xidmətdən bəhrələnən PAŞA Bank müştərisi özünün Müəssisə Resurslarının Planlaşdırılması (Enterprise Resource Planning, ERP) sistemini xüsusi B2B kanalı vasitəsilə bank sistemi ilə inteqrasiya edir və digər alətlərdən (kağız daşıyıcısı, internet bankçılıq, mobil əlavə və s.) istifadə etmədən hesablaşmaları öz daxili sistemi vasitəsi ilə rahat və çevik şəkildə aparır. B2B platformasından bəhrələnərək PAŞA Bank Müştəriləri beynəlxalq və yerli hesablaşmalar, o cümlədən standart və təcili ödənişlər, vergi və ya digər büdcə ödənişləri, şirkət-daxili hesablaşmalar, valyuta mübadiləsi və s. əməliyyatları həyata keçirmək və təsdiqləmək, ödənişlərin statusunu yoxlamaq, müvafiq hesabatları almaq və bu xidmətdən istifadə qaydalarında nəzərdə tutulan digər bu kimi üstünlükləri əldə edirlər. PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, yerli bazarda bu yeniliyin təqdim edilməsi korporativ müştərilərimizlə daha rahat ünsiyyət qurmaq üçün geniş imkanlar açır. “Bu layihənin reallaşdırılması Bankın dayanıqlı inkişaf prinsiplərinə və 2018-2020-ci illər üzrə İnkişaf Strategiyası çərçivəsində bankçılığın rəqəmsal modelinə keçid üzrə hədəflərinə tam uyğundur. Əminəm ki, bu yeni alət müştərilərlə qarşılıqlı əlaqələrimizi biznes-tərəfdaşlığının müasir formasının daha yüksək səviyyəsinə qaldıracaq”, - deyə T.Kazımov fikrini yekunlaşdırdı.