Ançelotti Cennaro Qattuzoya: "Sən "Milan"ın ürəyi idin"


İdman 09 Yan 2018 16:37:00 322 0

Ançelotti Cennaro Qattuzoya: "Sən "Milan"ın ürəyi idin"

Karlo Ançelotti "Milan"ın baş məşqçisi və sabiq yetirməsi Cennaro Qattuzonu yubileyi - 40 yaşının tamam olması münasibətilə təbrik edib. Goal.az xəbər verir ki, tanınmış mütəxəsis ad günü təbrikini "Gazzetta dello Sport" vasitəsilə Qattuzoya çatdırıb.

"Əziz Rino (red. kərgədan, Qattuzonun ləqəbi), 40 yaş. Həmişəki söhbətimizə, zarafatlar və telefon zəngi kifayət etmir. Sanballı təbrik məktubu yazmağa dəyər. Geridə xatırlamaq üçün çox vaxt qaldığı kimi irəlidə yeni işlər üçün kifayət qədər vaxt var. "Milan"ın texniki zonasında səni izləyirəm, dəli hərəkətlər edirsən: qışqırır, futbolçuları ruhlandırırsan. Məncə, düzgün yerdə düzgün adamsan. Maneələrə üstün gəlmək üçün istək, sənin xarakterin, mübarizə ruhuna ehtiyac var. Müəyyən təzyiqləri yatışdırmaq üçün sənin sevincin, yatanları oyatmaq üçün ehtişamlı qəzəbin zəruridir. Komandada, qrupda həmişə yatanlar olur..

Meydanda mənim döyüşçüm idin. Heç vaxt səni təslim olan, meydanı tərsiz formada tərk etməyini, mübarizə aparmaqdan imtina etdiyini görmədim. Səndə heyran olduğum, bax budur. Təbiət sənə böyük texnika hədiyyə etməsə də, məqsədinə çatmaq bacarığın vardı. İcazə verirsən deyim? Çünki ayaqların ən "tərbiyələndirilmiş" deyildi. Amma komandaya sənin qədər heç kim cəsarət vermirdi. Bu hissi başqalarına necə ötürməyi bilirdin. Səni komanda yoldaşlarınla danışan, onları ruhlandıran, çətin anlarda dətəkləyən çox görmüşəm. Bu futboldur. Oyun sxemi, düzülüş, pressinq və əks-hücumlar üzərində komanda insanlardan ibarətdir. Nəticə qazandıran da insanlardır. Mənim və bizim "Milan" üçün bunları etmisən. Təxminən 8 il məşqçin olmuşam. Mən sənə tab gətirmişəm.

Oyundan öncə səni dindirmək olmazdı. Əsəbi, hirsli olurdun. Bu, özünü oyuna hazırlamaq üsulun idi. Sənə necə yanaşmağı öyrənmişdim. Hirsini azaltmaq üçün zarafat edirdim. Sonra gülüb paltardəyişmə otağından çıxırdıq. 2007-ci ildə Maltada keçirdiyimiz qış toplantısı yadındadır? Kaladze ad günündə zarafatlaşıb səni özündən çıxarmağa çalışmışdı, komanda ona qoşulmuşdu. Mən özümü buna qarışmamış kimi göstərdim. Səndən qurtulmaq üçün özümü xəbərsiz göstərməli idim. Bir gecə Kaladze ilə restorana getdin və nə baş verdiyini bilmək istəmədin də. Mən isə bir neçə ay öncə baş verənlərdən xəbərdar idim. Maltada sənə söz vermişdim ki, Çempionlar Liqasının finalında oynayacaqsan. Dəli olduğumu düşünmüşdün. Amma finalda oynadıq və qalib gəldik. Və sən "Milan"ın ürəyi idin. Ümid edirəm, komandanın baş məşqçisi qalacaqsan. Buna layiqsən".