Gəncləri necə qoruyaq?


Digərləri 09 Yan 2018 15:50:00 330 0

Gəncləri necə qoruyaq?

Ötən il gənc yazar Mövlud intihar etdi. Ədəbi mühit, onu tanıyan oxucular, qələm dostlarımız sarsıldı. Çox üzücü və ağır xəbər idi. Günlərlə özümüzə gələ bilmədik. Həqiqətən ağır, üzücü hadisə idi. İndi oturub düşünürəm ki, xatirəsini nə qədər diri tutmağa, onu unutmamağa çalışsaq da, torpağın üzü soyuqdur. Yaxşı yadımdadır ki, qələm adamlarıyla dərhal toplaşdıq, kitablarını çap etməyə qərar verdik, haqqında qəmli-kədərli, nisgilli yazılar, sosial şəbəkələrdə statuslar yazıldı, son işlədiyi redaksiyada onun xatirəsinə müsabiqə elan olundu. Hamımız bir müddət dizimizə döydük və sonra hamılıqla başımız gündəlik qayğılara qarışdı. Heç bir il keçməmiş, emosiyalar soyuyub, artıq Mövluddan söz düşəndə sadəcə təəssüflənirik. Yenə əvvəlki kimi həyatımıza davam edirik. Bəlkə ən duyğusal anlarımızda xatırlayıb göz yaşı axıdanlar var, amma etiraf etmək lazımdır ki, yaramız qaysaq bağlayıb.

Mövluddan sonra  sevdik, sevildik, xoşbəxt olduq, toy elədik, şeir, hekayə, roman yazdıq. Qısacası, həyata qaldığımız yerdən davam elədik. Hə, unutduq...

Ən əsası da unutduq ki, bu ölkədə yaradıcı gənclərin diqqətə, qayğıya ehtiyacı var. Mövlud kimi onlarla istedadlı insanın bir gün eyni addımı ata biləcəyini düşünmədik. Unutduq ki, zəifləri, həssasları qorumaq borcumuz var. Bəli, yaradıcı insan bəzən körpə uşaq kimi gücsüz, köməksiz, zəifdir. Xüsusilə həyatdan aldığı zərbələr qarşısında. İnsan olduğumuz üçün qorumalıyıq yaradıcı gəncləri. Elə də böyük fəlsəfə, əxlaq məsələsi deyil. Sadəcə insan olduğumuz üçün ətrafımızda baş verənlərə həssas yanaşmalıyıq.

Dünən daha bir gənc qələm adamı - Məlik Cahan özünü Xəzərin sularına ataraq intihar edib. Sosial şəbəkələrdə  paylaşdıqlarına baxanda aydın olur ki, gənc dostumuz intiharını uzun müddətdir ki, planlaşdırırıb və kiməsə, kimlərəsə açıq-aydın mesaj verirmiş. Hətta son şeirindən də, bunu asanlıqla anlamaq, başa düşmək mümkündür. Məsələn, bu şeiri ölümündən bir neçə saat əvvəl paylaşıb:

Qorxunun əcələ faydası yoxdur,

bir gün ruh tərk edir bədəni,

azad olur bir bədənlik əsarətdən.

Ölüm son deyil, başlanğıcdır,

Bir az sevgidən ibarətdir,