Nazir 64 nəfər vergi əməkdaşını vəzifədən azad edib


İqtisadiyyat 09 Yan 2018 12:11:21 246 0

Nazir 64 nəfər vergi əməkdaşını vəzifədən azad edib

Onların arasında nazir müşavirləri, bölmə rəhbərləri və digər vəzifəli şəxslər var

"Son zamanlar bir sıra KİV-də vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bildiririk ki, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır". 

Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədi ilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

"Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır. Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var", - xəbərdə qeyd olunub.