Rəşad Məcid: "Ona dedim ki, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa, səni işdən qovacam" MÜSAHİBƏ


Digərləri 09 Yan 2018 09:59:00 393 0

Rəşad Məcid: "Ona dedim ki, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa, səni işdən qovacam"  MÜSAHİBƏ

Son.az azxeber.com-a istinadən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə müsahibəni təqdim edir:

Bu cızdağı çıxan xatirələri

Söyləsəm bir sapa düzə bilərsən?

Sənə zülm verən, gözdağı verən

Qaynar cəhənnəmə bir də gələrsən?

Yazmağa nə var ki, sənin halını,

Sən mənim halımı yaza bilərsən?

Şairlər hisslərindən, öz daxili dünyalarından müəyyən parçanı kağıza tökərək, qəlblərə doğru yol alır. Oxucular da sevimli yazarını, şairini məhz bu cür tapır. Onun da özünəməxsus daxili aləmi var. Üzünə baxanda müəyyənləşdirmək çətindir. Necədir, kefi, halı yaxşıdır yoxsa pis?

Son zamanlar susqundur... Özü də diqqət mərkəzindən kənar qalmağı sevən adam deyil. Mütləq gedib görməli, bu halının səbəbi ilə maraqlanmalı idim.

Və saat 2-dir... "525"-in redaksiyasındayam. Katibəsinə yaxınlaşıb dedim ki, Rəşad müəllimə deyin müsahibə üçün gəlmişəm.

Kənardan eşitdim. Dedi ki, gəlsin görək kimdir o?

Otağa daxil oldum, məni gördü,uşaq kimi sevindi, gözləri parıldadı. Bilirdim axı sürprizləri sevdiyini...

Həmin gün nostalji mehi əsirdi otağında. Sən demə, kompüterdə arxivindəki iştirakçısı olduğu köhnə verilişlərə baxırmış. Elə biz də köhnələrdən başladıq söhbətimizə. Elə danışırdı ki, bir anlıq unutdum müsahibə üçün gəldiyimi.

Dedi ki, yaxşı aç səsyazısını, başlayaq...

"Jurnalistika fakültəsi mənə çox doğmadır"

- Bilirik ki, Rəşad Məcid həmişə gənclərə dəstək olub. Elə" 525-ci qəzet"-in içərisində "Jurnalist" qəzeti (jurnalistika fakültəsinin tələbələrinin dərc etdiyi qəzet) dəfələrlə nəşr olunub. Bu təşəbbüs necə yarandı?

- Bilirsiniz, gənclərə dəstək olmaq, onlarda özünə güvən hissi yaratmaq artıq mənim həyat tərzimdir. Mən "525"-in birinci buraxılışında da yazmışdım ki, bu qəzet gənclərin qəzeti olacaq. Jurnalistika fakültəsi də həmişə digər fakültələrdən fərqlənib.

Bu fakültə mənə çox doğmadır. Mən orda oxumuşam, dəfələrlə də demişəm ki, jurnalistika fakültəsində dərs deyən müəllimlərin, professorların mənim həyatımda əvəzsiz rolu olub.

Mətbuatımızın əfsanəsi Şirməmməd Hüseynov mənə dərs deyib. Onun haqqında "4 qoşa saat" adlı yazı yazmışam. Cahangir Məmmədli mənim və "525"-in yaxın dostu, həmişə haqqımızda gözəl sözlər deyir. Hətta "525"-in 25 illik yubileyinə kitab da həsr edib. Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi, Qulu Xəlilov, Tofiq Rüstəmov... Heç zaman unutmayacağım ustad müəllimlər.

İndi də jurnalistika fakültəsində çox istedadlı gənclər var və mən onlarla ünsiyyət qurmağı, onlara kömək etməyi sevirəm.

Bəlkə elə bu gəncliyim də, şuxluğum da gənclərlə ünsiyyətlə bağlıdır. Jurnalistika fakültəsindən nə zaman, nə deyirlərsə, biz "Jurnalist" qəzetinə də, digər ideyalarına da dəstək oluruq. Və mən çox sevinirəm ki, jurnalistika fakültəsi ilə bizim bu cür xoş, sıx münasibətlərimiz var.

"Tələbələr məni müəllimlik həvəsindən saldı"

- Deyirsiniz ki, jurnalistika fakültəsi sizin üçün doğmadır. Siz müəyyən müddət orada dərs də demisiniz. Sonra nədənsə universitetdən ayrıldınız. Buna səbəb nə idi?

- Birinci dəfə mən müəllim kimi auditoriyaya girəndə çox darıxdım. Əvvəla, siqaret çəkən adamam. Fikirləşirdim ki, 90 dəqiqə müddətində siqaret çəkməmək çox çətin olacaq. İkincisi də ki, uşaqlar məni çox həvəsdən saldılar.

Fakültədə o vaxt bir "Naxçıvan" qrupu var idi. "Özəl Naxçıvan Universiteti" bağlanmışdı, ordan gəlmişdilər. Birinci dəfə onların dərsinə girdim. Dərsin sonunda onlara: -" jurnalistikaya olan münasibətinizi heç bəyənmədim, nə jurnalist tanıyırsınız, nə də ki, qəzet!"- söylədim.

Dedim ki, siz ilk dərsdə mənə olan münasibətinizi, dərs prosesi necə keçdi filan anonim şəkildə yazın, mən onun əsasında biləcəm ki, gələn dərsə gəlirəm ya yox. O anonim yazıları götürüb, oxudum və hiss etdim ki,bu tələbələrdə yüksək müşahidə qabiliyyəti var.

Sonraki illərdə yeni tələbələrlə daha rahat işlədik. Bir dəfə təklif etdim ki, gəlin "qəzet içərisində qəzet" buraxaq. Razı oldular. Qəzet üçün ad müəyyənləşdirəndə onlar mənə müxtəlif, şablon adlar ( "Gənclərin səsi", "Biz gəlirik") dedilər. Mən də onlara: -"Məgər "525"-in elə qəliz adı var ki? Siz də sadə bir ad seçin"-dedim. Onlar da qruplarının nömrəsini - "1050" qoymuşdular qəzetə. Sonra məlum oldu ki, "1050" "525"-in 2 misli imiş. Mən burda mistik əlamət gördüm, bu barədə "Əlvida və Salam" adlı yazı yazdım və bir kitabımı da bu adla çıxardım.

İndi də tələbələr redaksiyamıza gəlir,praktik yaradıcılıqla məşğul olur, yazıları dərc olunur. Amma özüm neçə ildir auditoriyaya getmirəm.

"Qulu Məhərrəmliyə 100 qoyun borcluyam"

- Nə vaxtsa auditoriyaya qayıtmağı düşünürsünüz?

- O vaxt Cahangir Məmmədlinin təşəbbüsü ilə təklif olundu ki, elmi iş yazım. Elmi rəhbərim də Qulu Məhərrəmli idi. Qulu müəllim mənə dedi ki, mən elmi rəhbərinəm, mövzu da təsdiqlənib. Bildin də Rəşad, nə etmək lazımdı? Mənim də artıq elmi iş yazmağa, onu müdafiə etməyə həvəsim və vaxtım yox idi. Gördüm bu texniki proseslər mənlik deyil. Mən də ona zarafatla cavab verdim ki, bildim Qulu müəllim, nə etmək lazımdı. Dedi ki, nə etmək lazımdı? Dedim hər ay sizə bir qoyun gətirməliyəm.

Yadımda idi ki, Sovet vaxtında aspirantlar, elmi iş müdafiə edənlər rayondan elmi rəhbərlərinə hər ay bir qoyun aparırdılar. Bu hesabla mən də Qulu müəllimə 100 qoyun borcluyam. (gülür)

Amma Mədəniyyət və İncəsənət Universitetində peşəkar müğənnilərə, birbaşa professor, dosent adı verirlər. Mənə elə gəlir ki, jurnalistika fakültəsi də belə bir təşəbbüs irəli sürsə yaxşı olar. Jurnalistika sahəsində uzun illər çalışmış adamlara dosent, professor adı verə bilərlər. Biz də gəlib orda dərs deyərik, təcrübələrimizi tələbələrlə bölüşərik.

Söhbətə ilk olaraq baş redaktor Rəşad Məcidlə başlamışdım. Mənim üçün maraqlı olduğu kimi, digərləri üçün də onun daxili aləmi maraqlıdır deyə düşündüm və Rəşad Məcid dünyasına cüzi səyahət etmək istədim.

"Bu hal artıq qocalıq, ömrün başqa bir mərhələsinə keçid deməkdir"

- Rəşad müəllim, kənardan belə təəssürat yaranır ki, artıq yorulmusunuz və özünüzə qapanmısınız. Bir sözlə öz həyatınızı yaşayırsınız. Buna səbəb nədir? Yaş yoxsa...

- Elə görünürəm??!!! Bir az ola bilər son vaxtlar sakitəm...

İndi mənim yaşımın daha çox kənarda durub müşahidə edən, qiymət verən vaxtıdır. Mənə elə gəlir ki, artıq bu statusa keçirəm.

Haylı-küylü Rəşad Məcidə öyrəşənlər bəlkə ona görə fikiləşir ki, bu yorulmaqdır. Amma yorulmaq deyil. Hiss edirəm ki, içimdəki gənclik enerjisi indi də çoxdur. İndi də hərdən aləmi qatmaq istəyirəm.Bəlkə bir az ola bilsin yaşın da təsiri var.

Son vaxtlar kənardan müşahidə etməyi daha çox xoşlayıram. Bu halıma da adət edirəm, yavaş-yavaş öyrəşirəm. Əvvəl bu halımdan qorxurdum. Qorxurdum ki, bu hal artıq qocalıq , ömrün başqa bir mərhələsinə keçid deməkdir. Amma nə qədər sakit dursam da insanlar üçün maraqlıyam, yenə sevənlərim var, nifrət edənlərim var. Bu da həyatdır da! Əgər sənə qəzəbli olanlar, sənə nifrət edənlər , əgər səni dəli kimi sevənlər olmasa yaşamağa dəyməz ki!

"Sevgi hiss edəndə havalanıram, çoşuram"


Xəbərə aid foto