Uşaqlarda vaxtından əvvəl cinsi inkişaf və onun yaranma səbəbləri


Digərləri 08 Yan 2018 23:39:00 324 0

Uşaqlarda vaxtından əvvəl cinsi inkişaf və onun yaranma səbəbləri

Bu gün bir sıra ailələrdə aktual mövzularından biri, xüsusilə qız uşaqları arasında geniş yayılmış-vaxtından əvvəl cinsi inkişafın başlamasıdır. Bu zaman nə etməli və daha çox hansı əlamətlərə diqqət yetirilməlidir?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının pediatrı, endokrinoloq Günay Cəbrayılova klinikanın mətbuat xidmətinə məlumat verib.

Pediatr-endokrinoloq bildirib ki, vaxtından əvvəl cinsi inkişaf dövrünə girən uşaqların boyları öz yaşıdları ilə müqayisədə daha uca olsa da, bu dövrün sonunda nisbətən daha qısa olur: "Belə uşaqların endokrinoloqun müayinəsindən keçmələri mütləqdir. Vaxtında və düzgün müalicə bu uşaqların boyunun qısa qalmasının qarşısının alınmasına və normal inkişafına kömək olur.

Normal cinsi inkişaf qızlarda 8-13, oğlanlarda isə 9-14 yaş aralarında başlayır. Qızlarda cinsi inkişafın ilk əlamətləri süd vəzilərinin, oğlanlarda isə xayaların böyüməsidir. Oğlanlarda sonrakı mərhələdə səsdə qalınlaşma, bədən əzələlərində artma meydana çıxır ki, bu zaman artıq yeniyetmə görünüşü tamamlanır.