“Manchester City”nin sabiq hücumçusu: "Kəpəz"ə özümü isbatlamağa gəlmişəm" - MÜSAHİBƏ


İdman 08 Yan 2018 15:47:00 285 0

“Manchester City”nin sabiq hücumçusu: "Kəpəz"ə özümü isbatlamağa gəlmişəm" - MÜSAHİBƏ

Gəncənin “Kəpəz” klubunda baxışda olan İngiltərə təmsilçisi “Manchester City”nin sabiq futbolçusu Aleks Nimelinin “Report”a müsahibə verib.

Goal.az müsahibəni təqdim edir:

- Azərbaycana gəlişiniz necə baş tutdu?

- Azərbaycan çempionatını daha öncə də izləmişdim. Burada dostum çıxış edib. Həm də əlaqədə olduğumu menecerlər var. Təklif alan zaman maraqlandım və onlardan müsbət fikirlər eşitdim. Ona görə də bura gəlməyə qərar verdim.

- Dostunuz kimdir?

- Həmyerlim Teo Uiks. İngiltərənin 20 yaşadək futbolçulardan ibarət yığmasında çıxış etsəm də, liberiyalıyam. Teo “Qəbələ”də oynadığı vaxt onu izləyirdim. Yəni, Azərbaycan futbolu barədə məlumatım vardı.

- Azərbaycan futbolu haqqında nələri bilirsiniz?

- “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını görmüşəm. Bu amil çox şeydən xəbər verir. Hər klub qitənin ən nüfuzlu klub turnirində çıxış etmir. “Qarabağ”ın orada olması Azərbaycan Premyer Liqasının da səviyyəsindən xəbər verir.

- Maraqlı karyeranız var: 17 yaşınızda “Manchester City”yə transfer olunmusunuz. Daha sonra “Cristal Palace”, “Middlesbrough” kimi klublara icarəyə verilmisiniz. Bu gün isə Azərbaycan Premyer Liqasında sonunu pillədə qərarlaşan “Kəpəz”in düşərgəsindəsiniz. Mançester təmsilçisinin heyətində möhkəmlənə bilməməyinizin səbəbi nədir?

- “Manchester City”yə keçdiyim vaxt hələ 17 yaşım tamam olmamışdı. Orada olduğum müddətdə əsas komanda ilə cəmi 2 matçda iştirak etmişəm. Bu da Roberto Mançininin dönəminə təsadüf edib. 2010-cu ilin aprelində XXXIII tur çərçivəsində “Burnley”ni 6:1 hesabı ilə məğlub etdiyimiz oyunun 83-cü dəqiqəsində Karlos Tevezi əvəzləmişdim. Digər oyunum isə Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada “Yuventus”a qarşı olub. 2010-cu ilin dekabrında 1:1 hesabı ilə başa çatan görüşün start heyətində yer almışam və 61-ci dəqiqədə məni Pablo Zabaleta əvəzləyib. “Manchester City”yə böyük pulların axını ilə rəqabət də artdı. Açığı, heyətə cəlb olunan bahalı transferlərlə rəqabət aparmaq çox çətin idi. Təcrübə toplamağım üçün “Crystal Palace”, “Middlesbrough” kimi klublara icarəyə verildim.

- Bəs, icarədə niyə özünüzü yaxşı tərəfdən göstərə bilmədiniz?

- Yaşım az olduğu üçün davamlı olaraq icarəyə göndərilirdim. Ancaq özüm daha stabil olacağım bir yer istəyirdim. Təəssüf ki, tez-tez fərqli klublara icarəyə verilməyim xeyirimə işləmədi.

- İngiltərədən sonra Rumıniya və Norveçdə çıxış etmisiniz. 2017-ci ildə getdiyiniz “Stabek”i “Kəpəz”ə dəyişməyinizin səbəbi nədir?

- “Stabek”in əsas hücumçusu uzunmüddətli zədə aldığı üçün məni heyətə cəlb etmişdilər. O, sıraya dönəndən sonra oyamayacağımı bildiyim üçün ayrıldım. Özümə davamlı oynamaq üçün stabil yer axtarıram.

- “Kəpəz” karyeranızda dönüş etməyiniz üçün tramplin rolunu oynayana bilər?

- Hər şeydən öncə komandaya kömək etməyə gəlmişəm. “Kəpəz”in durumunun elə də yaxşı olmamasından xəbərdaram. Ümid edirəm ki, həm komandaya kömək edəcək, həm də karyeramda yüksəlişə nail olacağam. Bura özümü isbatlamağa gəlmişəm.

- Burada gördüyünüz şərait, “Kəpəz”in sonuncu yerdə olması sizi qorxutmur?

- Qorxsaydım, gəlməzdim. Burada ailənin bir parçası olmaq, birgə mübarizə aparaq, komandanın sonuncu pillədən qurtulmasına yardımçı olmaq istəyirəm.